Azərbaycanda bank sektorunda təmərküzləşmə ilə bağlı vəziyyət açıqlanıb

Maliyyə
  • 15 oktyabr, 2026
  • 11:48
Azərbaycanda bank sektorunda təmərküzləşmə ilə bağlı vəziyyət açıqlanıb

Azərbaycanda bank sektorunda təmərküzləşmənin yüksək səviyyəyə çatması üçün hələ lazımi şərait formalaşmayıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə qurumun yarım illik "Maliyyə Sabitliyi Hesabatı" ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bank sektorunda təmərküzləşmə sistem əhəmiyyətli bankların fəaliyyət göstərdiyi bütün ölkələrdə müşahidə olunur: "Həmin ölkələrdə bəzi banklar digərləri ilə müqayisədə daha böyük bazar payına malikdir. Dünyanın bir çox ölkəsinin əksəriyyətində bu xüsusiyyət xarakterikdir.

Məsələ təmərküzləşmənin hansı səviyyədə olması və necə tənzimlənməsidir. Son dörd ildə Azərbaycanda bank sektorunda təmərküzləşmə faktiki olaraq azalıb. Başqa sözlə, iri bankların bazar payı kiçilib, kiçik bankların mövqeyi isə müəyyən qədər yaxşılaşıb".

Ş.Mahmudzadə qeyd edib ki, iri bankların maliyyələşmə xərcləri ilə kiçik bankların maliyyələşmə xərcləri arasında müəyyən fərqlər var: "Bununla yanaşı, iri bankların daşınmaz əmlak və digər sistemlərlə işləmək imkanları daha genişdir.

Əgər lisenziyaların alınması ilə bağlı və ya digər məhdudiyyətlər tətbiq olunarsa, bu, təmərküzləşməni daha da artıra bilər. Azərbaycanda isə hazırda orta səviyyəli təmərküzləşmə müşahidə olunur və biz hələ yüksək səviyyəli təmərküzləşməyə hazır deyilik".