Azərbaycan Özbəkistanla rəqəmsal maliyyə ekosisteminin inkişafını müzakirə edib

Maliyyə
  • 03 noyabr, 2026
  • 12:03
Azərbaycan Özbəkistanla rəqəmsal maliyyə ekosisteminin inkişafını müzakirə edib

Azərbaycan və Özbəkistan rəqəmsal maliyyə ekosisteminin inkişafını müzakirə edib.

Bu barədə "Report"a Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Bildirilib ki, bununla bağlı müzakirələr Bakıda AMB-nin və Özbəkistan Mərkəzi Bankı nümayəndə heyəti arasındakı görüşdə aparılıb.

Məlumata əsasən, Özbəkistandan olan nümayəndə heyətinin səfərin ilk günündə AMB-nin sədr müavini Vüsal Xəlilov nümayəndə heyəti ilə görüşüb. Görüşdə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti, maliyyə sektorunda innovasiyaların təşviqi və iki ölkənin mərkəzi bankları arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Səfər zamanı keçirilən görüşlərdə Mərkəzi Bankın "2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində maliyyə texnologiyaları, innovasiyalar və ödəniş sistemləri sahəsində həyata keçirdiyi təşəbbüslər, tətbiq olunan tənzimləmə yanaşmaları və əldə edilmiş nəticələr barədə məlumat verilib. Bu zaman rəqəmsal maliyyə ekosisteminin inkişafı, innovativ maliyyə həllərinin təşviqi, ödəniş sistemləri və məhsullarının inkişaf etdirilməsi, müvafiq infrastrukturun təkmilləşdirilməsi və maliyyə xidmətlərinin əlçatanlığının artırılması istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.

Özbəkistan Mərkəzi Bankının nümayəndələri isə maliyyə texnologiyaları strategiyasının hazırlanması, bu sahədə müəyyən edilmiş prioritetlər və əsas inkişaf istiqamətləri üzrə öz ölkələrinin təcrübəsini bölüşüblər.