Samir Abasov: "Sabah" "Vikinq"ə öz oyununu qəbul etdirə bilsə, qələbə qazanacaq"

Futbol
  • 03 noyabr, 2026
  • 13:00
Samir Abasov: Sabah Vikinqə öz oyununu qəbul etdirə bilsə, qələbə qazanacaq

"Sabah" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində səfərdə "Vikinq"ə qarşı keçirəcəyi matçda öz oyun üslubunu rəqibə qəbul etdirə bilsə, meydandan qələbə ilə ayrılacaq.

Bu barədə "Report"a "Neftçi"nin sabiq baş məşqçisi Samir Abasov açıqlama verib.

Mütəxəssis qarşılaşmanın çətin keçəcəyini bildirib:

"Səfərdə oynamaq çox çətin olacaq. Bu, məlum məsələdir. "Vikinq"in evdə özünəməxsus ab-havası var, çətin rəqibdir. Meydan sahibləri "Bavariya" ilə matçda 3:3 hesablı heç-heçə ediblər. Onlar üçün xal qazanmaq baxımından ən əlverişli rəqib kimi məhz "Sabah" görünür".

O, Azərbaycan təmsilçisinin gözlənilməz oyun nümayiş etdirə biləcəyini vurğulayıb:

"Rəqib "Sabah"ı nə qədər təhlil etsə də, meydandakı oyun tam fərqlidir. Məsələn, "Sabah"ın Bakıda qalib gəldiyi "Slaviya" komandası səfərdə "Fənərbağça" ilə heç-heçə oynadı. Bu, Praqa təmsilçisi üçün çox yaxşı, qəbul olunan haldır. Eyni gözlənilməzlik bu matçda da baş verə bilər. Rəqib öz oyununu diqtə edirsə, bu artıq sənin üçün problemdir. "Sabah" "Vikinq"lə matçda öz oyununu rəqibə qəbul etdirməlidir. Bunu bacarsalar, komandanın səfərdən qələbə ilə qayıdacağını düşünürəm".

Qeyd edək ki, "Vikinq" - "Sabah" oyunu noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.