Azərbaycan banklarının izafi likvidliyi bu il 2 dəfədən çox artıb

Maliyyə
  • 29 oktyabr, 2026
  • 10:08
Azərbaycan banklarının izafi likvidliyi bu il 2 dəfədən çox artıb

Məcburi ehtiyat kimi saxlanılmalı olan vəsaitlər nəzərə alınmadan bank sektorunun struktur likvidlik profisiti (Azərbaycan Mərkəzi Bankının bank sistemi qarşısındakı öhdəlikləri ilə banklara tələbləri arasındakı fərq) cari ilin sentyabr ayının sonuna 6,2 milyard manata çataraq ötən ilin dekabrı ilə müqayisədə 2,2 dəfə artıb.

"Report" bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bu şəraitdə təminatsız pul bazarı üzrə istinad faizləri bir qədər azalmağa meyil edir. Belə ki, AZIR dərəcəsi üzrə orta günlük göstərici 2026-cı ilin avqust ayında 6,31 %, sentyabr ayında 5,93 %, oktyabrın ötən dövründə isə 5,99 % olub. Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər, bank sistemindəki likvidlik göstəriciləri nəzərə alınmaqla tətbiq olunur. Likvidliyin idarə edilməsində əsasən 7 günlük depozit əməliyyatlarından istifadə olunur. Bu əməliyyatların payı sentyabr ayının sonuna açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelinin strukturunda 66,4 % təşkil edib.