Peşəkar Çövkən Liqasına yekun vurulub

Komanda
  • 21 noyabr, 2026
  • 18:39
Peşəkar Çövkən Liqasına yekun vurulub

Peşəkar Çövkən Liqasının son turunun oyunları və mükafatlandırma mərasimi keçirilib.

"Report" xəbər verir ki, Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən tədbirə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ailə üzvləri və övladları fəxri qonaq qismində dəvət olunublar.

Əvvəlcə, Dövlət Sərhəd Xidmətinin Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə konsert proqramı təqdim olunub, daha sonra liqanın yekun qarşılaşmaları baş tutub.

Günün qarşılaşmasında "Sərhədçi" və "Elite" komandaları üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüş "Elite" komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Yekun xal cədvəlinə əsasən, "Sərhədçi" komandası topladığı xalların üstünlüyü ilə Peşəkar Çövkən Liqasının çempionu olub, "Elite" komandası ikinci, "Polad" komandası isə üçüncü yeri tutub.

Oyunlardan sonra keçirilən mükafatlandırma mərasimində Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev liqanın oyunlarını idarə edən hakimlərə diplomlar təqdim edib.

Turnirin qalibləri və mükafatçıları müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif edilib, liqanın kuboku çempion "Sərhədçi" komandasının kapitanına təqdim olunub.

Tədbirin sonunda qaliblər və mükafatçılarla xatirə fotoşəkli çəkdirilib.

44 filmi