Bill O'Riqan: "Böyükşor inkişaf layihəsi yeni şəhər məkanının yaradılmasını nəzərdə tutur"

İqtisadiyyat
  • 16 iyun, 2026
  • 16:50
Bill O'Riqan: Böyükşor inkişaf layihəsi yeni şəhər məkanının yaradılmasını nəzərdə tutur

Azərbaycanda Böyükşor gölünün sahil zonasının inkişafı layihəsi inkişaf etmiş yaşayış, kommersiya və sosial infrastruktura malik "şəhər daxilində şəhər" konsepsiyası əsasında yeni şəhər məkanının yaradılmasını nəzərdə tutur.

"Report" xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Modon Holding" developer şirkətinin baş direktoru Bill O'Riqan İslam İnkişaf Bankı (IsDB) Qrupunun Bakıda keçirilən illik toplantıları çərçivəsindəki sessiyada bildirib.

Onun sözlərinə görə, bu irimiqyaslı layihələrin həyata keçirilməsində ilkin konsepsiyaya uzunmüddətli riayət etmək və investorların etimadını qoruyub saxlamaq həlledici əhəmiyyət daşıyır: "İnsanlar hələ mövcud olmayan bir şeyə investisiya yatırırlar, buna görə də layihənin ilkin baxışına sadiq qalmaq lazımdır".

B.O'Riqan qeyd edib ki, iri developer layihələrinin dayanıqlılığı təkcə daşınmaz əmlak satışı ilə deyil, həm də hotellər, idman və əyləncə obyektləri, ticarət sahələri və ictimai iaşə müəssisələri daxil olmaqla, uzunmüddətli gəlir gətirən aktivlərin yaradılması ilə təmin edilir.

"Modon Holding" rəhbəri əlavə edib ki, müasir alıcılar təkcə mənzil deyil, həm də müəyyən bir həyat tərzi əldə edirlər, buna görə də infrastruktur və ictimai məkanlar layihənin icrasının artıq erkən mərhələlərində yaradılmalıdır.

44 filmi