Vahid Hacıyev: "Qarabağda Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun yeni yaşayış məhəllələri salınır"
- 20 may, 2026
- 11:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun yeni yaşayış məhəllələri qurulur.
"Report" xəbər verir ki, bunu Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Azərbaycanda Ağıllı və Davamlı Şəhər Layihələri" tədbirində bildirib.
"Beləliklə, bizim məqsədimiz təkcə evləri yenidən qurmaq deyil. Həm də keçmiş məcburi köçkünlərin ləyaqətlə və uzunmüddətli əminliklə geri dönə biləcəyi təhlükəsiz, dayanıqlı və yaşayış üçün yararlı icmalar yaratmaqdır. İcra etdiyimiz layihələr Ağalı, Məmmədhüseynli və Horovlu kəndləridirş Onlar işğal dövründə tamamilə dağıdılmışdı. İndi isə biz BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin prinsiplərinə uyğun olaraq yeni dizaynda, yeni ağıllı şəhərlər və ağıllı kəndlər tikirik", - deyə o qeyd edib.
Bundan başqa, sədrin sözlərinə görə, Ağalı və digər kəndlərdə enerji səmərəli və rəqəmsal həllərlə "ağıllı kənd" konsepsiyası tətbiq olunur: "Beləliklə, deyə bilərəm ki, kəndlər enerji səmərəli texnologiyalar, dayanıqlı materiallar, ağıllı infrastruktur və rəqəmsal həllərdən istifadə edilməklə layihələndirilib. Yaşayış sahələri və ictimai xidmətlərdən tutmuş infrastruktur və yaşıl zonalara qədər hər element bir məqsədlə planlaşdırılıb: gələcək üçün rahat, ekoloji cəhətdən dayanıqlı və iqtisadi cəhətdən səmərəli icmalar yaratmaq".