Kazuko İşiqaki: AP-UAP platforması şəhərlərə müzakirələrdən fəaliyyətə keçməyə kömək edir

İnfrastruktur
  • 20 may, 2026
  • 09:58
Kazuko İşiqaki: AP-UAP platforması şəhərlərə müzakirələrdən fəaliyyətə keçməyə kömək edir

Asiya-Sakit okean regionunun Şəhər Gündəliyi Platforması (AP-UAP) şəhərlərə mənzil və dayanıqlı inkişaf sahəsində müzakirələrdən həllərin praktiki icrasına keçməyə kömək edir.

"Report" xəbər verir ki, bu barədə "UN-Habitat"ın Asiya-Sakit okean regionu üzrə regional nümayəndəsi Kazuko İşiqaki (Kazuko Ishigaki) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində AP-UAP-dən istifadə edərək keçirilən təlim tədbirində bildirib.

Onun sözlərinə görə, regionun bir çox şəhərləri artıq öz üzərinə Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi üzrə ciddi öhdəliklər götürüb, lakin indi əsas məsələ bu öhdəlikləri yerlərdə konkret fəaliyyətlərə çevirməkdən ibarətdir: "Asiya-Sakit Okean regionunun Şəhər Gündəliyi Platforması üzv dövlətlərin Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi üzrə monitorinqi, strukturlaşdırılmış təlimi və hesabatlılığı gücləndirmək çağırışına cavab olaraq işlənib hazırlanıb".

K.İşiqaki vurğulayıb ki, platforma problemlərin aşkar edilməsinə, prioritetlərin müəyyənləşdirilməsinə və yerli fəaliyyətlərin qlobal təşəbbüslərlə əlaqələndirilməsinə strukturlaşdırılmış və məlumatlara əsaslanan yanaşmanı təmin edir.

O həmçinin qeyd edib ki, platformanın əsas üstünlüklərindən biri şəhər monitorinqi sistemi ilə inteqrasiya olunmasıdır: "Razılaşdırılmış göstəricilər şəhərlərə mənzil problemlərinin və çağırışların səbəblərini daha yaxşı anlamağa, eləcə də yerli məlumatları Yeni Şəhər Gündəliyinin prinsipləri və Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqələndirməyə kömək edir".