Özbəkistan süni intellektə milli yanaşma prinsiplərini açıqlayıb

İKT
  • 19 noyabr, 2026
  • 12:05
Özbəkistan süni intellektə milli yanaşma prinsiplərini açıqlayıb

Süni intellekt məlumatın etibarlılığı, dezinformasiya, kibertəhdidlər və ictimai rəyin potensial manipulyasiyası ilə bağlı yeni çağırışlar yaradır.

"Report" xəbər verir ki, bunu Özbəkistanın "Kibertəhlükəsizlik Mərkəzi" Dövlət Unitar Müəssisəsinin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Bekzod Muminov Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransı çərçivəsində panel müzakirələrdə (ICCD 2026) deyib.

Onun sözlərinə görə, bu hadisələrə sadəcə texnoloji çağırışlar kimi deyil, həm də formalaşan beynəlxalq sistemdə mövqeyi möhkəmləndirmək üçün bir fürsət kimi baxmaq xüsusilə vacibdir: "Süni intellekt hökumətlərə beynəlxalq hadisələri daha sürətlə təhlil etməyə, siyasi və iqtisadi riskləri qiymətləndirməyə, böyük həcmdə məlumatı emal etməyə və diplomatik əlaqələri təkmilləşdirməyə imkan verir. Diplomatiya texnoloji məsələlərin sadə müzakirəsindən kənara çıxmalıdır. O, beynəlxalq qaydaların formalaşdırılması, etibarın qurulması və geosiyasi gərginliklərin yeni formalarının qarşısının alınması üçün əsas vasitələrdən birinə çevrilməlidir. Məhz buna görə də biz öz tərəfimizdən süni intellektin inkişafının rəqabətin yeni texnoloji alətinə çevrilmək əvəzinə, əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyi beynəlxalq yanaşmanı müdafiə edirik".

O qeyd edib ki, Özbəkistan tərəfi süni intellektə, tənzimləməyə, məlumatların qorunmasına, texnoloji standartlara və hesablama resurslarına çıxışa milli yanaşmalarda fərqlərin şahidi olur: "Əgər bu fərqlər kifayət qədər beynəlxalq dialoq olmadan inkişaf etməyə davam edərsə, biliklərin, innovasiyaların və texnologiyaların mübadiləsini məhdudlaşdıra biləcək təcrid olunmuş texnoloji ekosistemlərin yaranması riski mövcuddur. Bu baxımdan BMT, YUNESKO və Beynəlxalq Telekommunikasiya İttifaqı kimi təşkilatlar çoxtərəfli platformalar olaraq beynəlxalq ictimaiyyətin maraqlarının daha balanslaşdırılmış təmsilini təmin edə biləcək xüsusilə mühüm rol oynamalıdırlar".