Hannes Astok: "Azərbaycanla Estoniya AI-dan istifadə üçün etibarlı sistemlər yaratmalıdır"

İKT
  • 20 oktyabr, 2026
  • 10:54
Hannes Astok: Azərbaycanla Estoniya AI-dan istifadə üçün etibarlı sistemlər yaratmalıdır

Süni intellektin (AI) sürətli inkişafı şəraitində Estoniya və Azərbaycan daxil olmaqla, hökumətlərin əsas vəzifəsi sadəcə texnologiyaların tətbiqi deyil, etimad doğuran dövlət sistemlərinin yaradılması olmalıdır.

"Report" xəbər verir ki, bunu Estoniyanın Elektron İdarəetmə Akademiyasının icraçı direktoru və İdarə Heyətinin sədri Hannes Astok Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Estoniyanın Elektron İdarəetmə Akademiyasının (eGA) birgə təşkilatçılığı ilə, "Şərq Tərəfdaşlığı ölkələrində kiberdayanıqlılığın gücləndirilməsi" layihəsi çərçivəsində Bakıda keçirilən Dövlət Qurumlarının İT rəhbərlərinin VIII Zirvə Toplantısında bildirib.

Onun sözlərinə görə, son 3 ildə süni intellekt qlobal dövlət siyasətində müəyyənedici mövzulardan birinə çevrilib və bütün dünyada hökumət orqanları rəqabətədavamlılığı qoruyub saxlamaq üçün texnologiyaların tənzimlənməsi və uyğunlaşdırılması yollarını axtarırlar:

"Amma mən başqa bir sualdan başlamaq istərdim: süni intellektin nə edə biləcəyindən deyil, süni intellektdən məsuliyyətli və səmərəli istifadə üçün necə bir hökumətin tələb olunduğundan? Bu, Estoniya və Azərbaycan hökumətləri üçün sualdır və dünyadakı hər bir hökumət üçün sualdır".

Ekspert vurğulayıb ki, süni intellektlə bağlı qlobal müzakirələrin böyük hissəsi ənənəvi olaraq modellər, alqoritmlər və hesablama gücü üzərində mərkəzləşir, lakin dövlət sektoru üçün bu, ümumi mənzərənin yalnız bir hissəsidir:

"Özəl biznesdən fərqli olaraq, dövlətlər vergi toplayır, lisenziyalar verir, müavinətləri idarə edir, hüquqları qoruyur və kritik infrastrukturu dəstəkləyirlər. Bununla belə, vətəndaşlar supermarketi və ya aviaşirkəti dəyişdikləri kimi hökumətin xidmətlərindən asanlıqla imtina edə bilməzlər. Məhz buna görə də rəqəmsal əsrdə etibarlı və etimad doğuran dövlət sistemlərinin qurulması hakimiyyət üçün əsas çağırışa çevrilir".

44 filmi