"Azərkosmos": GİS bərpa olunan enerji sahələrinin monitorinqində mühüm rol oynayır
- 03 iyun, 2026
- 15:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Coğrafi İnformasiya Sistemləri (GİS) bərpa olunan enerji sahələrinin monitorinqi sahəsində mühüm rol oynayır.
"Report" xəbər verir ki, bunu Kosmik Agentliyin ("Azərkosmos") GIS və məsafədən müşahidə üzrə baş mütəxəssisi Saleh Nəbiyev Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində keçirilən panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, GİS texnologiyası bərpa olunan enerji sahələrinin seçilməsini və ötürmə planlamasını dəstəkləyir: "GİS və məsafədən zondlamada biz bütün növ məlumatları vahid xəritədə birləşdiririk. Eyni zamanda günəş radiasiyası, külək sürəti, külək enerjisi sıxlığı, topoqrafiya, torpaqdan istifadə, hətta su hövzələri və infrastruktur obyektləri kimi müxtəlif məlumat nöqtələrini toplayırıq. Həmin məlumatları təhlil edərək xəritədə ən uyğun yerləri tapırıq".
"Azərkosmos" rəsmisi Qarabağ bölgəsində bərpa olunan enerji, xüsusilə külək və günəş enerjisi üzrə tədqiqat apardıqlarını da qeyd edib: "Hesab edirəm ki, nəticələr olduqca yaxşıdır. Həm xəritələr, həm də onların üzərində müəyyən edilmiş uyğun ərazilər günəş panelləri və külək turbinləri üçün optimal yerləri dəqiq göstərir".