AMB: Ödəniş sistemlərində 24/7 onlayn monitorinq tətbiq olunmalıdır
- 22 oktyabr, 2026
- 11:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Ödəniş sistemlərində informasiya təhlükəsizliyinin gücləndirilməsi və mümkün risklərin vaxtında aşkarlanması üçün 24/7 rejimində onlayn monitorinq həyata keçirilməlidir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş Sistemləri və Məhsulların İnkişafı Departamentinin direktoru Əfqan Abbasov "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.
Onun sözlərinə görə, nağdsız ödənişlərdən istifadə artdıqca həm ölkədə, həm də dünyada bu sahədə əməliyyatların həcmi və əhatə dairəsi genişlənir. Bu, həm qurumlar arasında aparılan hesablaşmalara, həm də vətəndaşların gündəlik istifadə etdiyi ödənişlərə aiddir.
Ə. Abbasov qeyd edib ki, AMB tərəfindən maliyyə bazarlarında nəzarət çərçivəsində informasiya təhlükəsizliyi üzrə müvafiq tələblər müəyyən edilib. Bu tələblərin minimum səviyyədə təmin olunması maliyyə sektoru üçün prioritet istiqamətlərdən biri olmalıdır.
O bildirib ki, ödəniş sistemlərinin iştirakçıları əməliyyatlar üzrə qabaqlayıcı və yoxlayıcı mexanizmlər tətbiq etməli, bu mexanizmləri davamlı təkmilləşdirməli və mütəmadi monitorinq aparmalıdırlar.
"Əvvəllər bu proseslər, məsələn, oflayn qaydada həyata keçirilirdisə, indi monitorinqin onlayn və 24/7 rejimində aparılması çox vacibdir. Müvafiq təlimatda bununla bağlı konkret tələblər müəyyən edilib. Həmin tələblərin minimum səviyyədə təmin edilməsi sektor iştirakçıları üçün prioritet hesab olunmalıdır", - deyə o əlavə edib.