Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
- 06 noyabr, 2026
- 17:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda keçirilən yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının proqramına uyğun olaraq, noyabrın 6-da 4x100 metrlik yanğın estafeti növü üzrə yarışlar keçirilib.
Yarışların yekununda qaliblər və mükafatçılar müəyyənləşib.
Kişilər arasında 4x100 metrlik yanğın estafeti növündə komandalar arasında I yeri Belarus, II yeri Çin, III yeri isə Rusiya komandası tutub.
Qadınlar arasında I yerə Rusiya, II yerə Özbəkistan, III yerə isə Belarus komandası layiq görülüb.
Qalib və mükafatçılara medalları Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının baş katibi Andrey Kulik təqdim edib.
Mükafatlandırma mərasimində qalib ölkələrin dövlət himnləri səsləndirilib.