Xaçmazda həmkəndlisini bıçaqlayan şəxs məhkəmə zalında həbs edilib

Hadisə
  • 14 avqust, 2018
  • 12:45
Xaçmazda həmkəndlisini bıçaqlayan şəxs məhkəmə zalında həbs edilib

Bakı. 14 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İlqar İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. İ.İbrahimovun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, hadisə bu il aprelin 21-də Xaçmaz rayonunda baş verib. Rayon sakini Peyman Məmmədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

P.Məmmədov Xaçmaz rayon Polis şöbəsinin əməkdaşlarına ilkin izahatında xəsarəti yaşadığı Bostançı kəndindəki evinin həyətində dəmir parçasının üzərinə yıxılması nəticəsində aldığını bildirib.

Polisin apardığı araşdırmalarla P.Məmmədovla həmkəndlisi İ.İbrahimov arasında münaqişə baş verdiyi, bu zaman sonuncunun ona bıçaqla xəsarət yetirdiyi müəyyən edilib.

Qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən İ.İbrahimov saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə ittiham irəli sürülüb.

İstintaq dövründə İ.İbrahimovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.