Dələduzluqda təqsirləndirilən bələdiyyə sədrinin məhkəməsində zərərçəkmiş ifadə verib

Hadisə
  • 22 avqust, 2017
  • 12:48
Dələduzluqda təqsirləndirilən bələdiyyə sədrinin məhkəməsində zərərçəkmiş ifadə verib
Report

Bakı. 22 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq bələdiyyə sədri Vaqif Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş İlham Həmidov ifadə verib.

O, torpaq sahəsi almaq üçün V.Nəbiyevə 15 min dollar verdiyini söyləyib: "Onu Vaqifin qohumu vasitəsi ilə 2015-ci ildə tanımışam. Sonra yaxından tanış olduq. Torpaq sahəsi almaq üçün danışdıq. 2016-cı ilin may ayında 15 min dollar verdim. Qarşılığında 30 sot torpaq alacaqdım. Amma sonra eşitdim ki, onu həbs ediblər. 15 min dolları notariusda Vaqif Nəbiyevə vermişəm, aramızda borc müqaviləsi də imzalanıb".

Sabiq bələdiyyə sədri V.Nəbiyev isə pulu sadəcə borc olaraq aldığını və yaxın zamanda qaytaracağını bildirib.

Hakim elan edib ki, iş üzrə zərərçəkmiş şəxslərin hamısı məhkəmədə dinlənilib. Onlardan Rasim İsmayılov məhkəməyə məktubla müraciət edərək ona dəymiş zərərin ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını deyib.

Daha sonra zərərçəkmiş Rüfət Talıbov məhkəməyə yeni mülki iddia təqdim edib. 

O bildirib ki, sabiq bələdiyyə sədri ondan əlavə olaraq 5 min manat alıb: "Tələbim 28800 manatın ödənilməsidir".

Qeyd edək ki, Abşeron rayonunun Məhəmmədli kəndinin sabiq bələdiyyə sədri V.Nəbiyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən həbs olunub. Buna səbəb bələdiyyə sədrinin bir neçə vətəndaşa yüz min manatlarla miqdarında maddi ziyan vurmaqda, pullarını mənimsəməklə ələ keçirməsi olub. Lakin daha sonra o, ev dustaqlığına buraxılıb.

44 - Tezliklə