Bakıda polis qardaşını televizora baxmaq üstündə öldürən cüdoçunun məhkəməsində atası və anası dindirilib
- 21 fevral, 2018
- 08:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 21 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Əli Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin atası Ramazan Əliyev ifadə verib.
O bildirib ki, hadisə zamanı evdə olmayıb. Hadisəni eşitdikdən sonra da evə gəlib.
Məhkəmədə təqdirləndirilən şəxsin anası Gülzar Əliyeva da dindirilib O, hadisənin adi bir mübahisə üstündə baş verdiyini qeyd edib.
G.Əliyeva söyləyib ki, təqsirləndirilən oğlunun psixi problemləri var. O, oğlunun uşaq vaxtı yıxıldığını və başından ağır xəsarət aldığını deyib.
Məhkəmə təqdirləndirilən Ə.Əliyevə ifadə verməyi təklif edib. Hakim Ə.Əliyevin qapalı məhkəmə iclasında dindirilməsi barədə qərar verib.
Qeyd edək ki, hadisə ötən ilin avqustunda Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 85-də yerləşən binada baş verib. Ə.Əliyev qardaşı Murad Əliyevi bıçaqlayaraq öldürüb.
1990-cı il təvəllüdlü Ə.Əliyev Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib, həm də cüdoçudur. Onun bıçaqlayaraq öldürdüyü qardaşı, 1983-cü il təvəllüdlü M.Əliyev isə konq-fu idman növü üzrə peşəkar idmançı, Çevik Polis Alayında polis serjantı imiş.
Hadisənin ilkin təfərrüatına görə, qardaşlar televizora baxmağa görə mübahisə ediblər.
Onlar əvvəlcə mübahisə ediblər və daha sonra əlbəyaxa dava yaranıb. Ə.Əliyev mətbəx bıçağını götürərək qardaşına hücum edib və çoxsaylı zərbələr endib.
Ə.Əliyev hadisədən sonra evdən qaçıb. O, polis əməkdaşları tərəfindən həbs edilib.