Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
- 15 noyabr, 2026
- 19:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Ağstafa rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan 1982-ci il təvəllüdlü şəxs (kişi) 15.11.2026-cı il tarixində saat 15:20 radələrində Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Bildirilir ki, bədənin müxtəlif nahiyyələrinin termiki yanığı və sağ bud nahiyyəsinin parçalanmış və didilmiş yarası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmət göstərilib və əməliyyat edildikdən sonra tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin birgə bəyanatına görə, Qazax rayonunun Dəmirçilər kənd sakini, 1986-cı il təvəllüdlü İbrahimov Rəsul Şahin oğlu və Qazax rayonunun Daşsalahlı kənd sakini, 1982-ci il təvəllüdlü Əmrahov Sahib İzbor oğlu tərəfindən partlamamış hərbi sursata müdaxilə nəticəsində partlayış baş verib.
Hadisə nəticəsində R.İbrahimov aldığı xəsarətlərdən ölüb, S.Əmrahov isə xəsarət alıb.
Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.