U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub

Futbol
  • 26 oktyabr, 2026
  • 19:07
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub

Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında Haiti yığmasına məğlub olub.

"Report"un məlumatına görə, Famil Xəlilovun baş məşqçi olduğu komanda rəqibinə 0:4 hesabı ilə uduzub.

Xatırladaq ki, U-15 millimiz yer aldığı AF qrupunda daha əvvəl keçirdiyi görüşlərdə Timor-Leste yığmasını 6:0, Andorranı 1:0, İsraili 3:1 hesabı ilə məğlub edib. Komanda Avstraliya millisinə isə məğlub olub - 1:3.

Bununla da yığma qrupunu 9 xalla üçüncü pillədə başa vurub.

Reqlamentə uyğun olaraq, qrup mərhələsini üçüncü pillədə başa vuran komandalar C divizionunda yer alacaqlar. Bununla da Azərbaycan millisi 189 iştirakçı arasında 65–96-cı yerlər uğrunda mübarizə aparacaq.

C divizionunda 32 komanda qüvvəsini sınayacaq və kollektivləri beş mərhələdən ibarət pley-off qarşılaşmaları gözləyir. Lakin bu mərhələdə məğlubiyyət turnirlə vidalaşmaq anlamına gəlmir. Uduzan komandalar da yekun sıralamada mövqelərini müəyyənləşdirmək üçün özləri kimi məğlub olan digər rəqiblərlə üz-üzə gələcəklər.

Təqvimə əsasən, oktyabrın 28-dən 30-dək Azərbaycan millisi daha beş matçda meydana çıxacaq. Bununla da yığmanın turnir çərçivəsində keçirdiyi oyunların sayı 10-a yüksələcək.

Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.