İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər

Fərdi
  • 09 noyabr, 2026
  • 22:32
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər

Azərbaycanın cüdo hakimləri İslam Nəcəfquliyev və Vilayət Rəhimli Macarıstanın Dyör şəhərində keçirilən imtahanları uğurla başa vuraraq "B" kateqoriyalı beynəlxalq dərəcəli hakim adını qazanıblar.

Bu barədə "Report"a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Belə ki, noyabrın 6–8-də Beynəlxalq Cüdo Federasiyasının (IJF) seminar və imtahan proqramında iştirak edən hakimlərin nəzəri bilikləri və praktiki hazırlığı qiymətləndirilib.

Seminar çərçivəsində yarış qaydalarının tətbiqi, texniki hərəkətlərin qiymətləndirilməsi və müxtəlif görüş vəziyyətlərində hakim qərarlarının verilməsi video nümunələr əsasında təhlil olunub.

Praktiki sınaqlar noyabrın 7–8-də Dyördə keçirilən yeniyetmələr arasında Avropa Kuboku zamanı təşkil edilib.

Bu mərhələdə İslam Nəcəfquliyev və Vilayət Rəhimlinin qaydaları düzgün tətbiq etməsi, tatamidə mövqe seçimi, qərarların ardıcıllığı və görüşlərin idarə olunması bacarıqları qiymətləndirilib.

Bütün mərhələləri uğurla tamamlayan Azərbaycan hakimlərinə "B" kateqoriyalı beynəlxalq dərəcəni təsdiqləyən diplom, həmçinin müvafiq qalstuk və döş nişanları təqdim olunub.