"Azəristiliktəchizat"a vətəndaş müraciətlərinin 12 %-i borcla əlaqədar olub

Energetika
  • 14 aprel, 2023
  • 07:34
Azəristiliktəchizata vətəndaş müraciətlərinin 12 %-i borcla əlaqədar olub

2022-2023-cü illər üzrə payız-qış mövsümü ərzində "Azəristiliktəchizat" ASC-nin "Çağrı Mərkəzi" vasitəsilə 12 400 vətəndaş müraciəti qəbul edilib.

"Report" xəbər verir ki, bunu "Azəristiliktəchizat" ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev qurumun 2022-2023-cü illər üzrə payız-qış mövsümündə həyata keçirilən tədbirlərinin icrası haqqında keçirdiyi mətbuat konfransında deyib.

"Bunlardan 8 502-si istilik və isti su təchizatı xidmətləri, 1 499-u borcla əlaqədar, 2 399-u isə digər məsələlərlə bağlı müraciətlər təşkil edib. Vətəndaşların sualları operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə müvafiq struktur bölmələrinə və tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb", - ASC-nin rəhbəri bildirib.

İ.Mirzəliyevin sözlərinə görə, "Azəristiliktəchizat" ASC Prezidentin 2020-ci il 27 fevral tarixli 185 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"nın 9.4-cü bəndi əsasında yaradılan Kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzinə inteqrasiya edilib: "Qurumun Kommunal Xidmətlər ilə bağlı vahid Çağrı Mərkəzinə inteqrasiyası istilik təchizatı sahəsində analitik təhlillərin aparılmasını, proqnozların hazırlanmasını və mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsini təmin etmək məqsədi daşıyır".