Süni intellekt məhsulu üzrə xüsusi beynəlxalq protokolun yaradılması təklif edilib
- 12 noyabr, 2026
- 14:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Süni intellekt tərəfindən yaradılan nəticələrin hüquqi statusunun ənənəvi müəlliflik hüququ obyektlərindən ayrıca tənzimlənməsi məqsədilə əlaqəli hüquqlar sahəsində Roma Konvensiyasına bənzər xüsusi beynəlxalq protokolun hazırlanması təklif edilib.
"Report" xəbər verir ki, təklifi Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov ÜƏMT-nin Əqli mülkiyyət və süni intellekt üzrə Qlobal Forumunda çıxışında edib.
O qeyd edib ki, bu təşəbbüs süni intellektin yaratdığı nəticələrə münasibətdə beynəlxalq səviyyədə daha aydın və əlaqələndirilmiş hüquqi yanaşmaların formalaşdırılması, hüquq sahiblərinin maraqlarının qorunması və yeni texnologiyaların inkişafı üçün əlverişli hüquqi mühitin yaradılması baxımından əhəmiyyətli hesab olunur.
Kamran İmanov qeyd edib ki, generativ süni intellekt müəlliflik hüququnun effektivliyi ilə bağlı problemləri yaratmasa da, onları əhəmiyyətli dərəcədə kəskinləşdirərək böhran həddinə çatdırıb:
"Bu baxımdan hüquq sisteminin gələcək inkişafı yalnız mövcud prinsiplərin qorunmasına deyil, həm də yeni hüquqi mexanizmlərin və zəruri hallarda yeni hüquq subyektliyi modellərinin formalaşdırılmasına əsaslanmalıdır".