Firudin Qurbanov: Təhsilsiz insanları yanlış və zərərli istiqamətə yönəltmək daha asan olur
- 28 oktyabr, 2026
- 10:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Təhsili olmayan və ya zəif olan insanları yanlış və zərərli istiqamətlərə yönəltmək daha asan olur.
"Report" xəbər verir ki, bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya" mövzusunda keçirilən sessiyada elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
Onun sözlərinə görə, məhz təhsil vasitəsilə dialoqa nail olmaq mümkündür:
"Təhsilli insanlar konsensusa gəlmək, ortaq məxrəc tapmaq imkanına daha çox malikdirlər. Ancaq ünsiyyət və dialoq üçün şərait yaradılmalıdır. Əgər biz bütün dünyada həqiqi sülhə nail olmaq istəyiriksə, buna uşaqlardan başlamalıyıq. Çünki təhsil son dərəcə vacibdir. Müasir dünyada baş verən münaqişələrə və müharibələrə nəzər saldıqda bunun əhəmiyyətini daha aydın görürük".
Firudin Qurbanov həmçinin bildirib ki, bu gün yalnız əzbərçilik və təkrarlama əsasında təhsil alan gənclərin müasir dövrün tələblərinə cavab verməsi çətin olacaq:
"Müəyyən testləri əzbərləməklə ali məktəbə qəbul olmaq, bakalavr və magistratura təhsili almaq, diplom əldə etmək mümkündür. Lakin əsas məsələ həmin şəxslərin dəyişən şəraitə uyğunlaşmaq, ünsiyyət qurmaq, tənqidi və yaradıcı düşünmək bacarıqlarına nə dərəcədə yiyələnməsidir".
Nazir müavini eyni zamanda vurğulayıb ki, texnologiyaların sürətli inkişafı təhsil sisteminin qarşısında yeni vəzifələr qoyur:
"Gənclər müasir texnologiyalardan istifadə etməyi, dəyişikliklərə uyğunlaşmağı və effektiv ünsiyyət qurmağı bacarmalıdırlar. Onlarda tənqidi və yaradıcı təfəkkür formalaşdırılmalıdır. Xüsusilə yaradıcı düşünmə müasir dövrdə ən vacib bacarıqlardan biri hesab olunur".