"BMT-Qadınlar" qurumunun rəsmisi Bakı Forumunda gender bərabərsizliyi məsələsini qaldırıb

Xarici siyasət
  • 28 oktyabr, 2026
  • 10:56
BMT-Qadınlar qurumunun rəsmisi Bakı Forumunda gender bərabərsizliyi məsələsini qaldırıb

Mədəniyyətlərarası dialoq bərabərsizliyin azaldılmasına, qadınların qərar qəbulunda iştirakının genişləndirilməsinə töhfə verməlidir.

"Report" xəbər verir ki, bu barədə "BMT-Qadınlar" qurumunun icraçı direktorunun müavini Nyaradzayi Qumbonzvanda (Nyaradzayi Gumbonzvanda) Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarına videomüraciətində deyib.

Onun sözlərinə görə, 2025-ci ildə kişilərin 77 %-i ilə müqayisədə qadınların 71 %-i internetdən istifadə edib ki, bu da rəqəmsal texnologiyalara çıxışda gender bərabərsizliyinin davam etdiyini göstərir.

N.Qumbozvanda qadınların liderlik potensialının inkişafı üçün şərait yaratmağın, onların təhsilə və resurslara çıxışını təmin etməyin, habelə dövlət siyasətinin hazırlanmasında iştirak etmək üçün real imkanlar təqdim etməyin zəruriliyini vurğulayıb.

O əlavə edib ki, müxtəlif mədəniyyətlərin və nəsillərin nümayəndələri arasında təcrübə mübadiləsi tərəfdaşlıq əlaqələrini möhkəmləndirməyə və ümumi problemlərin uzunmüddətli həll yollarını tapmağa imkan verir.

N.Qumbozvanda ayrıca olaraq, uşaq nikahlarının aradan qaldırılması və yerli icmaların mədəni xüsusiyyətlərini nəzərə almaqla qadın hüquqlarının təşviq edilməsi üçün Afrika ölkələrinin ənənəvi liderləri ilə əməkdaşlığın vacibliyini qeyd edib.