Nahid Məmmədov: Qloballaşan dünyada dini və mənəvi dəyərləri uyğunlaşdırmaq əsas vəzifələrdəndir
- 18 noyabr, 2026
- 13:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Qloballaşan dünyada dini və mənəvi dəyərləri uyğunlaşdırmaq, həmçinin proseslərə dinin təsirini tənzimləmək əsas vəzifələr sırasındadır.
"Report"un Qərb bürosu xəbər verir ki, bunu Ağstafada keçirilən "Dəyişən dünyada dəyərlər, inanc və kimlik" mövzusunda regional konfrans çərçivəsində jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ekspertiza şöbəsinin müdiri Nahid Məmmədov deyib.
O, konfransın əsas mövzusunun qloballaşan dünyada müasir metodlardan istifadə etməklə dini maarifləndirmənin təşkili, milli kimliyin aşılanması və bu dəyərlərin cəmiyyətdə birbaşa təbliği olduğunu vurğulayıb:
"Eyni zamanda, hədəflərdən biri də gənclərimizin dini mövzularda maarifləndirilməsi, onların dini radikalizmdən uzaq tutulması istiqamətində fəaliyyətin qurulmasıdır. Qeyd etməliyik ki, qloballaşan dünyada dini və mənəvi dəyərləri uyğunlaşdırmaq, müasir dünyada baş verən proseslərə dinin təsirini tənzimləmək, cəmiyyəti dini radikalizmin təsirlərindən qorumaq qarşıda duran əsas vəzifələrdəndir. Regionlarda keçirilən və çox sayda iştirakçının qatıldığı konfranslardan sonra müxtəlif metodlarla tədbirlərin qiymətləndirilməsi həyata keçirilir. Həmin iştirakçılar, xüsusilə, din xadimləri keçirilən konfranslarda diqqət mərkəzində olan məsələlərin yerlərdəki əsas təbliğatçılarıdırlar".
Dövlət Komitəsinin nümayəndəsi Azərbaycanda dini radikalizm mövcud olmadığını qeyd edib:
"Amma bütün bunlara baxmayaraq, regionda baş verən proseslərin Azərbaycana da təsirsiz ötüşmədiyi müşahidə olunmaqdadır. Ona görə də keçirilən tədbirlərin həm də bu təsirlərin qarşısının alınmasındakı rolunu qeyd etməliyik. Əlbəttə, növbəti ildə də analoji konfransların keçirilməsi nəzərdə tutulur".