Rusiya qoşunları KLO şirkətinin Kiyev vilayətindəki neft bazasına hücum edib

Digər ölkələr
  • 20 avqust, 2026
  • 18:39
Rusiya qoşunları KLO şirkətinin Kiyev vilayətindəki neft bazasına hücum edib

Rusiya qoşunları avqustun 20-nə keçən gecə Ukraynanın Kiyev vilayətinin Brovarı rayonundakı KLO şəbəkəsinin neft bazasına hücum edib.

"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" KLO şirkətinin paylaşımına istinadən məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində obyektdə dağıntılar qeydə alınıb, işçilərdən heç kim xəsarət almayıb.

Şirkətdən qeyd edilib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri şəbəkə artıq bir sıra yanacaqdoldurma komplekslərini itirib.

Hazırda KLO əməkdaşları hücumun nəticələrinin aradan qaldırılması və zədələnmiş obyektlərin bərpası ilə məşğuldurlar.

1995-ci ildə əsası qoyulmuş Ukraynanın KLO şirkəti əsasən Kiyev və onun ətrafında yanacaqdoldurma kompleksləri şəbəkəsinə sahibdir. O, mağazaların, kafelərin və avtoyuma məntəqələrinin də fəaliyyət göstərdiyi onlarla yanacaqdoldurma məntəqəsini idarə edir.