"Politico": Seçkilərdə məğlubiyyətdən sonra Trampın ətrafında parçalanma yaranıb
- 16 noyabr, 2026
- 05:58
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Trampın seçiciləri Respublikaçılar Partiyasının Konqresə aralıq seçkilərdəki məğlubiyyətindən sonra dövlət başçısına sadiq qalıb-qalmamaq məsələsində fikir ayrılığı ilə üzləşiblər.
"Report"un məlumatına görə, "Politico" qəzeti bu barədə "PF Global"ın səsvermədən bir neçə gün sonra keçirilən sorğusuna istinadən bildirib.
Tədqiqat MAGA hərəkatının üzvləri kimi tanınan Trampın tərəfdarları ilə onun 2024-cü il seçki koalisiyasının qalan hissəsi arasında fikir ayrılığı olduğunu aşkar edib. Birincilər partiya ilə Prezident və onun gündəliyi arasında daha sıx uyğunluğun tərəfdarıdır. İkincilər isə ondan uzaqlaşmağa hazırdır. İkinci qrupdan təxminən beş respondentdən biri cari seçkilərdə demokratlara səs verdiklərini bildirib.
MAGA hərəkatından kənarda olan Tramp seçicilərinin əksəriyyəti respublikaçıların Konqresin hər iki palatasını itirməsini Prezidentin Ağ Evə qayıtdıqdan sonrakı hərəkətləri ilə əlaqələndirib. Bu arada, respondentlərin 59 %-i Trampın özünün seçkilərdə uduzduğunu bildirib. Rəyi soruşulanların demək olar, yarısı respublikaçı namizədlərin iqtisadiyyatda onunla yollarını ayırmalı olduqlarına inanır.
Partiya rəhbərliyi daxilində də fikir ayrılıqları yaranıb. "Politico"nun məlumatına görə, respublikaçıların Milli Komitəsinin 31 üzvü qanunvericilərə seçki nəticələrinə yenidən baxılmasını tələb edən məktub imzalayıb.
"Seçki günü baş verənləri bəzəmək mümkün deyil. Ölkənin ən çox respublikaçı olan bəzi bölgələri də daxil olmaqla, sahildən sahilə qədər respublikaçılar rüsvay ediliblər", - məktubda deyilir.