NATO şərq cinahında hava və antidron müdafiəsini gücləndirəcək

Digər ölkələr
  • 23 noyabr, 2026
  • 20:34
NATO şərq cinahında hava və antidron müdafiəsini gücləndirəcək

Almaniya və onun NATO üzrə tərəfdaşları alyansın şərq cinahında, o cümlədən Baltik və Qara dəniz regionlarında hava və antidron müdafiəsinin gücləndirilməsini müzakirə edirlər.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Berlində NATO-nun Baş katibi Mark Rütte ilə birgə mətbuat konfransında Almaniya kansleri Fridrix Merts bəyan edib.

Kanslerin sözlərinə görə, Finlandiyanın Rusiya ilə təxminən 1300 km uzunluğundakı sərhədlərinin mühafizəsinə xüsusi diqqət yetirilməlidir.

Merts əlavə edib ki, Berlin Baltik regionunda vəziyyətin gərginləşməsində maraqlı deyil və gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasının tərəfdarıdır.

Öz növbəsində, NATO ölkələrinin hava məkanının pozulması insidentlərini və Rusiya tərəfindən digər hibrid təhdidləri şərh edən NATO-nun Baş katibi Mark Rütte vurğulayıb ki, alyans öz müdafiə və çəkindirmə vəziyyətini daim qiymətləndirir və zərurət yarandıqda hərbi hazırlığına düzəlişlər edir.

O əlavə edib ki, NATO müxtəlif reaksiya variantlarına malikdir, lakin bütün cavab tədbirləri açıq şəkildə elan edilə bilməz.

"Bu, hər zaman "qana-qan" prinsipi ilə cavab olmayacaq. Lakin mən hamını bəzən vəziyyətə ümumi baxmağa çağırardım", - Rütte bildirib.

Bununla yanaşı, o vurğulayıb ki, Rusiyanın addımlarına ən təsirli cavab Ukraynaya hərbi dəstəyin davam etdirilməsi olaraq qalmalıdır.

"Avropadakı hər bir insidentə qarşı - Ukraynaya daha az yox, daha çox dəstək. Bu, verə biləcəyimiz ən yaxşı cavabdır", - NATO-nun Baş katibi bəyan edib.

Rütte həmçinin Rusiyanın təhlükəsizlik məsələlərinin onunla gələcək danışıqların mövzusu ola biləcəyini istisna etməyib, lakin Moskva ilə real sülh danışıqlarına hələ başlanılmalı olduğunu qeyd edib.

44 filmi