Kolbi: ABŞ və Avropa uzunmüddətli müharibəyə hazır olmalıdır, çünki Rusiya hərbçi sayını artırır

Digər ölkələr
  • 17 noyabr, 2026
  • 21:47
Kolbi: ABŞ və Avropa uzunmüddətli müharibəyə hazır olmalıdır, çünki Rusiya hərbçi sayını artırır

ABŞ ilə avropalı müttəfiqlər uzunsürən müharibəyə hazır olmalıdır, çünki Rusiya şəxsi heyətin sayını və hərbi iqtisadiyyatın səfərbərliyini artırmaqda davam edir.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Brüsseldə NATO-nun mənzil-qərargahında Ukrayna üzrə Təmas Qrupunun görüşündə ABŞ-nin müharibə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi bildirib və əlavə edib ki, Ukrayna diqqətini Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməyə deyil, cəbhə xəttini qorumağa və Rusiyanın hərbi potensialını hədəfə almağa yönəltməlidir.

Vaşinqtonun qiymətləndirməsinə görə, Rusiyanın uzaqmənzilli hədəflərinə, o cümlədən mülki infrastrukturuna endirilən zərbələr müharibənin başa çatmasına kömək etmir.

Kolbi vurğulayıb ki, bu, Ukraynanı "əlləri bağlı" vəziyyətdə döyüşməyə məcbur etmək demək deyil. Onun sözlərinə görə, Amerikanın dəstəyi Ukrayna ordusunun cəbhə xəttini saxlamaq və mümkün olduqda irəliləyişə nail olmaq qabiliyyətinin gücləndirilməsinə yönəlməlidir.

"Bilavasitə cəbhə xəttinə yönəlmiş zərbələr və bu istiqamətdə fəaliyyət göstərən qüvvələrə birbaşa dəstək, şübhəsiz ki, bu yanaşmaya uyğundur. Eyni zamanda, döyüş əməliyyatlarının aparılmasını təmin edən Rusiya hərbi maşınına endirilən zərbələr də Rusiya ordusunun irəliləməsini ləngitməyə kömək edə bilər", - o qeyd edib.

Kiyev isə Rusiyanın neft emalı müəssisələrinə endirilən zərbələri onların Rusiya hərbi maşınının maliyyələşdirilməsində və yanacaqla təmin olunmasındakı rolu ilə əsaslandırır, həmçinin Rusiyanın Ukraynanın enerji infrastrukturuna davam edən hücumlarına diqqət çəkir.

Kolbi həmçinin bildirib ki, ABŞ və avropalı müttəfiqlər uzunsürən müharibəyə hazır olmalıdırlar, çünki Rusiya şəxsi heyətin sayını və hərbi iqtisadiyyatın səfərbərliyini artırmaqda davam edir. O, Avropa ölkələrini Ukrayna müdafiəsinin gələcək maliyyələşdirilməsi və kritik əhəmiyyətli sursatların, o cümlədən PURL təşəbbüsü vasitəsilə tədarükünün təmin edilməsi üçün əsas məuliyyəti öz üzərinə götürməyə çağırıb. Kolbinin sözlərinə görə, ABŞ "Jumpstart" proqramı vasitəsilə Ukrayna üçün Amerika silahlarının alınmasına kömək etməyə davam edəcək, lakin gələcəkdə Kiyevin dəstəklənməsi üzrə əsas yük Avropanın üzərinə düşməlidir.

44 filmi