Kanada Ukraynaya dəstək üçün yeni tədbirləri açıqlayacaq

Digər ölkələr
  • 17 noyabr, 2026
  • 18:38
Kanada Ukraynaya dəstək üçün yeni tədbirləri açıqlayacaq

Kanada bu gün Ukraynaya dəstəyə yönəlmiş yeni tədbirlər və töhfələr barədə elan edəcək.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Kanadanın müdafiə naziri Devid Makqinti Brüsseldə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (Ukraine Defense Contact Group, UDCG) 37-ci iclasından əvvəl bildirib.

Bununla belə, Makqinti yardımın həcmi və məzmunu barədə məlumat verməyib.

Nazir həmçinin Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı istənilən danışıqlar prosesində Ukrayna və Avropa dövlətlərinin iştirakının vacibliyini vurğulayıb.

"Avropa və Ukraynanın bu danışıqlar masası arxasında olmasını təmin etmək çox vacibdir", - Makqinti deyib.

Onun sözlərinə görə, Moskvanın tələbləri ciddi danışıqlara hazır olduğunu göstərmir. Bununla belə, danışıqların, o cümlədən ortaq mövqeyə gəlməyə və atəşkəsə nail olmağa kömək edəcəyi təqdirdə, Rusiya Prezidenti Vladimir Putinlə birbaşa dialoqun alternativi yoxdur.

Makqinti həmçinin bildirib ki, Kanada ABŞ-nin Ukraynanın hava hücumundan müdafiə sahəsindəki hərbi dəstəyinin, xüsusən də "Patriot" sistemlərinin tədarükünün azalmasını diqqətlə izləyir. Onun sözlərinə görə, NORAD çərçivəsində iki ölkənin inteqrasiya olunmuş hava və raketdən müdafiə sistemləri nəzərə alınmaqla bu məsələ Kanada üçün də xüsusi əhəmiyyət kəsb edir.

"Məhz buna görə də Kanada bu sahədə öz suveren imkanlarını inkişaf etdirir", - o izah edib.

Kiyevə gələcək dəstəkdən danışan nazir, Ukraynaya hərbi texnika, maliyyə və digər yardımlar təqdim etməklə, təmas qrupuna üzv olan 57 ölkənin səylərinin əlaqələndirilməsinin davam etdirilməsinin zəruriliyini qeyd edib. O, qış ərəfəsində PURL mexanizmi vasitəsilə əlavə silah tədarükünə xüsusi önəm verib.

44 filmi