Hindistanda 9 il əvvəl törədilən terroru təşkil etməkdə şübhəli bilinən şəxs tutulub
- 31 yanvar, 2017
- 08:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 31 yanvar. REPORT.AZ/ Hindistanın Mumbay şəhərində 2008-ci ildə törədilən terror aktını təşkil etməkdə şübhəli bilinən din xadimi Hafiz Səid Pakistanda həbs edilib.
“Report” BBC-yə istinadən xəbər verir ki, o, hazırda Pakistanın Laxor şəhərində ev dustağıdır.
Məlumata görə, Hafiz Səid dəfələrlə terror aktı ilə heç bir əlaqəsi olmadığını bildirib. O, “Camaat ud-Dava” xeyriyyə təşkilatına başçılıq edir. BMT bu təşkilatı terrorçular siyahısına daxil edib. 2015-ci ildə Pakistan da onu terrorçu təşkilat olaraq tanıyıb.
Xəbərdə bildirilib ki, Hafiz Səid ABŞ, Britaniya, Hindistan, Rusiya və başqa dövlətlərdə qadağan edilmiş terror təşkilatı kimi tanınan “”Leşkəre-Tayibə“nin qurucusudur.
Qeyd edək ki, 2008-ci il noyabrın 26-da Mumbayda 10 silahlı silsilə terror aktı törədib. Onlar şəhərin küçələrində, iki mehmanxanada, vağzalda və yəhudi mərkəzində törətdikləri terror aktı nəticəsində 166 nəfər ölmüşdü.