Çexiya dronlara qarşı mübarizə üçün Ukraynaya 16 təyyarə verə bilər

Digər ölkələr
  • 12 noyabr, 2026
  • 04:18
Çexiya dronlara qarşı mübarizə üçün Ukraynaya 16 təyyarə verə bilər

Çexiya Ukraynaya 16 ədəd "L-39 Skyfox" təyyarə verə bilər.

"Report"un "Idnes.cz"a istinadən məlumatına görə, Çexiya Baş nazirinin birinci müavini Karel Qavliçek bu barədə Kiyevə səfəri zamanı bildirib.

"Onlardan dördünün (Ukraynaya təhvil verilməsi planlaşdırılan təyyarələr - red.) (tədarükü-red) əvvəllər təsdiqlənib, indi daha 12-si haqqında danışa bilərik və bu, bunun mümkün olduğuna dair ilkin təsdiqdir", - Qavliçek bildirib.

Xatırladaq ki, Ukrayna və Çexiya əvvəllər PUA əleyhinə əməliyyatlar üçün istifadə olunması planlaşdırılan L-159 yüngül hücum təyyarələrinin təhvil verilməsi imkanını müzakirə ediblər. Xüsusən Çexiya Prezidenti Petr Pavel Kiyevə səfəri zamanı belə bir tədarük ehtimalını qeyd edib.

Lakin ANO, SPD və "Avtomobilçilər" partiyalarından ibarət hökumət koalisiyası Çexiya Ordusunun bu təyyarələrə ehtiyacı olduğunu iddia edərək təşəbbüsü rədd edib. Digər problem isə bu təyyarələrin artıq istehsaldan çıxarılması idi. Təyyarələrin istehsalçısı olan Çexiyanın "Aero Vodochody" şirkəti Ukraynaya ən son "L-39 Skyfox" təlim/döyüş təyyarəsi təklif edib. Təyyarə daha müasir "Williams FJ44" mühərriki və yeni elektron avadanlıqla təchiz olunub ki, bu da mütəxəssislərin fikrincə, onu dronlara qarşı mübarizə aparmaq üçün daha uyğun edir.