Britaniya "DragonFire" lazer sistemlərinin sifarişini iki dəfə azaldıb

Digər ölkələr
  • 29 noyabr, 2026
  • 04:45
Britaniya DragonFire lazer sistemlərinin sifarişini iki dəfə azaldıb

Böyük Britaniya hökuməti pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə üçün nəzərdə tutulan "DragonFire" lazer sistemlərinin ölkənin Hərbi Dəniz Qüvvələrinə tədarükü üzrə sifariş həcmini iki dəfə azaldıb.

"Report" xəbər verir ki, bu barədə "The Sun" qəzeti Britaniya Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, hakimiyyət əvvəlcə istiqamətləndirilmiş enerji lazer silahlarının alınması üçün 1 milyard funt sterlinq (1,31 milyard dollar) ayırmağı planlaşdırıb. Lakin maliyyələşmə həcmi yarıya endirilib, sifariş edilən qurğuların sayı isə dörddən ikiyə salınıb.

Bundan əlavə, "DragonFire" sistemlərinin Britaniya donanmasının silahlanmasına daxil edilməsi müddəti 2027-ci ildən ən azı 2028-ci ilə keçirilib.

Nəşr qərarın ölkənin müdafiə xərclərinin azaldılması fonunda qəbul edildiyini qeyd edib.

Daha əvvəl "The Times" qəzeti yaxın dörd ildə Böyük Britaniyanın müdafiə büdcəsində maliyyə çatışmazlığının 28 milyard funt sterlinqə (36,7 milyard dollar) çatacağını yazıb.

44 filmi