AK transsərhəd ticarətin məhdudlaşdırılması məsələsi ilə əlaqədar "Coca-Cola EP"ni araşdırır

Digər ölkələr
  • 23 noyabr, 2026
  • 17:28
AK transsərhəd ticarətin məhdudlaşdırılması məsələsi ilə əlaqədar Coca-Cola EPni araşdırır

Avropa Komissiyası alkoqolsuz içkilərin transsərhəd ticarətini məhdudlaşdırmaq və Avropa İttifaqı (Aİ) vahid bazarını milli sərhədlər üzrə bölmək şübhəsi ilə "Coca-Cola Europacific Partners" (CCEP) şirkətinə qarşı dərinləşdirilmiş antiinhisar araşdırmasına başlayıb.

"Report"un Avropa bürosunun məlumatına görə, Avropa Komissiyası Aİ-nin bir sıra ölkələrində qazlı alkoqolsuz içkilərin ən böyük tədarükçüsünün topdansatış bazarında dominant mövqeyindən sui-istifadə etməsindən şübhələnir.

Xüsusilə, Aİ-nin digər ölkələrinə geri ixracdan imtina etmək şərti ilə topdansatış alıcılarına endirimlərin verilməsi, transsərhəd ticarəti məhdudlaşdırmaq məqsədilə milli bazarlar üçün içki qablaşdırmasının fərqləndirilməsi, İspaniyaya idxalın məhdudlaşdırılması tədbirləri, eləcə də şirkətin eyni vaxtda bir neçə ölkə üçün satınalmalara dair danışıqlar aparmaqdan imtina etməsi məsələsi araşdırılacaq.

"Əgər bu təcrübələr sübut olunarsa, onlar Aİ-nin hakim mövqedən sui-istifadəni və vahid bazarın milli sərhədlər üzrə bölünməsini qadağan edən rəqabət qaydalarını poza bilər", - Avropa Komissiyasının məlumatında bildirilib.

Mənzil-qərargahı Böyük Britaniyada yerləşən CCEP, "Coca-Cola" brendləri altında içkilərin iki ən böyük Avropa istehsalçısı və qablaşdırıcısından biridir. Şirkət Belçika, Fransa, Almaniya, Lüksemburq, Niderland, Portuqaliya, İspaniya və İsveçdə fəaliyyət göstərir.

Brüsseldə keçirilən brifinqdə AK nümayəndəsi Rikardo Kardozo bildirib ki, araşdırma vahid bazarın seqmentləşdirilməsi və transsərhəd ticarət üçün maneələrlə mübarizə üzrə işin bir hissəsidir: "Bugünkü araşdırma göstərir ki, biz zəruri hesab etdiyimiz yerlərdə rəqabət qaydalarının tətbiqinə sadiq qalmaqda davam edirik".

44 filmi