Mikayıl Cabbarov: "Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlığa əsaslanır"

Biznes
  • 23 noyabr, 2026
  • 11:28
Mikayıl Cabbarov: Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlığa əsaslanır

Azərbaycan–İtaliya münasibətləri möhkəm siyasi dialoqa və strateji tərəfdaşlığa əsaslanır.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-İtaliya biznes forumunda deyib.

Onun sözlərinə görə, forumda 200-dən çox şirkətin nümayəndələri iştirak edir: "Çoxsaylı İtaliya və Azərbaycan şirkət nümayəndələrinin iştirakı əməkdaşlığa olan marağın ifadəsidir. Ölkələrimiz arasında 2014 və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanıb".

Bundan başqa, nazir əlavə edib ki, Azərbaycan makroiqtisadi və siyasi sabitlik, qeyri-neft-qaz sektorunun inkişafı istiqamətində əldə etdiyi nəticələr hesabına investorlar üçün əlverişli biznes şəraiti təqdim edir: "Ölkə "Moody's" və "Fitch" beynəlxalq reytinq agentliklərinin suveren kredit reytinqi investisiya səviyyəsində tanınır. Qeyri-neft-qaz sektorunun inkişafı, istehsal və ixracın şaxələndirilməsi dövlətin iqtisadi siyasətinin əsas prioritetlərindəndir. Bu məqsədlə hökumət sahibkarlara müxtəlif dövlət dəstəyi mexanizmləri tətbiq edir. Məqsədimiz Azərbaycanda istehsal olunan məhsulların beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirmək, onların rəqabət qabiliyyətini artırmaqdır. İnanırıq ki, məhz bu səbəbdən İtaliya şirkətləri ilə tərəfdaşlıq şirkətlərimiz üçün çox gözəl imkanlar açır".

M.Cabbarov deyib ki, bununla yanaşı, sənaye parklarında və Ələt Azad İqtisadi Zonasında investorlar üçün əlverişli infrastruktur, vergi və gömrük güzəştləri, eləcə də digər təşviq mexanizmləri yaradılıb: "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar 2033-cü ilədək mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azaddırlar. İstehsal üçün zəruri avadanlıq və xammalın idxalına əlavə dəyər vergisi və gömrük güzəştləri tətbiq olunmur. Analogi güzəştlər Azərbaycanın əsas ərazisi ilə birbaşa torpaq bağlantısı olmayan Naxçıvanda da tətbiq edilir".