Azərbaycan və Qətər arasında investisiya qoyuluşu sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
- 05 may, 2018
- 05:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Bakı Biznes Mərkəzində Qətər Əmirliyinin “Barva Bank”ının sədri Şeyx Mohamedin Hamad Al-Taninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
"Report" Nazirliyə istinadən xəbər verir ki, görüşdə nazir müavini Niyazi Səfərov Azərbaycanla Qətər Əmirliyi arasında əlaqələrin dostluq və qardaşlıq münasibətlərinə əsaslandığını, yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlərin əməkdaşlığın genişlənməsində mühüm əhəmiyyətini vurğulayıb.
O, Azərbaycan iqtisadiyyatı barədə məlumat verib, ölkənin Qətər Əmirliyi ilə uğurlu əməkdaşlıq etdiyini, birgə biznes-forumların, işgüzar görüşlərin təşkil olunduğunu qeyd edib.
N.Səfərovun sözlərinə görə, ötən il Qətərə Azərbaycanın ixrac missiyası təşkil edilib və bir sıra razılaşmalar əldə olunub. Azərbaycanda yaradılmış güclü iqtisadi potensial, əlverişli biznes və investisiya mühiti, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri ölkəmizin investisiya cəlbediciliyini daha da artırır və investorlar, eləcə də Qətər sərmayəçiləri üçün geniş imkanlar açır.
Şeyx Mohamedin Hamad Al-Tani isə Qətər iqtisadiyyatı barədə məlumat verib, qarşılıqlı investisiya qoyuluşu istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.