ABİF azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu təqdim edir
- 30 oktyabr, 2026
- 16:40
Yeniliklərdən dərhal xəbərdar olun!
İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğaldan azad edilmiş ərazilər üzrə kredit" məhsulunu təqdim edir.
"Report" Fonda istinadən xəbər verir ki, bu kredit məhsulu çərçivəsində sahibkarlara 10 min manatdan 10 milyon manatadək, 120 ayadək müddətə və illik 5 %-dək kreditlər veriləcək. Sahibkarlar kredit müddətinin yarısınadək olan dövrdə borcun əsas hissəsinin ödənilməsinə möhlət ala bilərlər. Bu imkan layihələrin həyata keçirilməsinin ilkin mərhələsində sahibkarların maliyyə yükünün azaldılmasına şərait yaradır.
Kredit vəsaitləri biznes fəaliyyəti üçün avadanlıqların, texnologiyaların və nəqliyyat vasitələrinin alınması üçün istifadə oluna bilər. Eyni zamanda, kredit məbləğinin 50 %-dək hissəsi tikinti və təmir xərclərinə yönəldilə bilər. 500 min manatdan yuxarı kredit məbləği üçün sahibkarlar layihənin ümumi dəyərinin ən azı 20 %-ni öz vəsaitləri hesabına maliyyələşdirməlidirlər.
Kredit məhsulu çərçivəsində əsas maliyyələşdirmə istiqamətlərinə qeyri-neft-qaz sənayesi, yaşıl taksonomiya, strateji kənd təsərrüfatı, logistika və təchizat zənciri infrastrukturu üzrə fəaliyyətlər daxildir. Bununla yanaşı, balıqçılıq və akvakultura, rəqəmsal inkişaf və İKT layihələri, yükdaşıma və saxlama, ictimai sərnişindaşıma, turizm və yerləşdirmə infrastrukturu, səhiyyə, təhsil və sosial xidmətlər, istehsal və kənd təsərrüfatını dəstəkləyən xidmətlər sahələrində də layihələrin maliyyələşdirilməsi nəzərdə tutulub.
ABİF işğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafı, iqtisadi fəallığın artırılması və yeni biznes subyektlərinin formalaşması məqsədilə sahibkarlara kompleks maliyyə dəstəyi göstərir. Yeni kredit məhsulu da bu dəstəyin tərkib hissəsidir. Bu kreditlərdən yararlanmaq üçün sahibkarlar Fondun müvəkkil kredit təşkilatlarına müraciət edə bilərlər.
ABİF güzəştli kreditlər, dövlət zəmanəti və faiz subsidiyaları, eləcə də investisiya qoyuluşları vasitəsilə ölkənin biznes mühitinə maliyyə dəstəyi göstərən əsas dövlət qurumlarından biridir. Fondun fəaliyyəti Azərbaycanın qeyri-neft-qaz sektorunun inkişafını təşviq etməyə, idxalı əvəzləyən və ixracyönümlü layihələri dəstəkləməyə, həmçinin yerli bizneslərin rəqabət qabiliyyətini gücləndirməyə yönəlib. Qurum həmçinin maliyyəyə çıxış imkanlarının genişləndirilməsində, özəl sektor investisiyalarının təşviqində və ölkəyə birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır.