Xidmət rəsmisi: "Bir çoxları akvakultura fəaliyyətini formalaşdırandan sonra su barədə fikirləşib"
- 05 noyabr, 2026
- 14:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Su ehtiyatları akvakultura və balıqçılıq sahəsinin inkişafında mühüm əhəmiyyətə malikdir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov Bakıda keçirilən l Azərbaycan Regional Akvakultura Forumunda bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə sahibkarlıq subyektləri ilə maarifləndirilmə həyata keçirilir: "Təəssüflər olsun ki, uzun illər əvvəlcədən formalaşmış bir praktika olub. Bir çox təşkilatlar akvakultura fəaliyyətini artıq formalaşdırıblar, sonra onun suya olan tələbatı barədə fikirləşməyə başlayıblar".
A. Bədəlov bildirib ki, bu gün su obyektindən xüsusi məqsədlər üçün istifadə edən şəxslər birmənalı şəkildə icazə almalıdır: "İcazəyə 554 nömrəli fərmanda icazənin verilməsi şərtləri və qaydası müəyyənləşdirilib. Qısa müddət ərzində həm Balıqçılıq Akvakultura Mərkəzinin, həm Suyun İstifadəsi və Mühafizəsi Dövlət Nəzarət Xidmətinin, həm Balıqçılıq Assosiasiyasının, həm ümumiyyətlə sahibkarların özlərinin göstərdiyi təşəbbüslər nəticəsində artıq 270-ə yaxın balıqçılıq fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatlardan bizə müraciət daxil olub".
O əlavə edib ki, su obyektinə münasibətdə bir çoxuna artıq xüsusi icazə verilib: "Bu, əslində su obyektindən xüsusi məqsədlər üçün istifadəyə icazə həm su obyektindən götürülən suyun, axıdılan tullantı suyunun, akvatoriyanın istifadəsinin düzgün, çox da hesabatın aparılması üçün mühüm bir əhəmiyyətə malikdir, həm də sahibkarlar daha qanuni çərçivədə və tam qanunvericilik tələbinə uyğun olaraq prosesi həyata keçirirlər".