Məcnun Məmmədov: "Aqrar sahədə 90 %-lik vergi güzəşti tətbiq olunacaq"

ASK
  • 05 noyabr, 2026
  • 11:39
Məcnun Məmmədov: Aqrar sahədə 90 %-lik vergi güzəşti tətbiq olunacaq

Azərbaycanda 2027-ci ildən aqrar sektorda 90 %-lik vergi güzəştinin tətbiqi planlaşdırılır.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Nazir vurğulayıb ki, yeni hazırlanan qaydalar çərçivəsində fermerlərin və aqrar sahədəki sahibkarların elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçməsi şərti ilə vergilərin tam ləğvi deyil, 90 %-lik güzəştin tətbiqi nəzərdə tutulur: "Burada əsas məqsədimiz fəaliyyət göstərən bütün fermer təsərrüfatlarının və sadəcə ilkin məhsul istehsalının deyil, eyni zamanda ilkin emalın da elektron kənd təsərrüfatında qeydiyyatdan keçməyi, məhsullarını bəyan etməyi və daha düzgün, daha dolğun məlumatın bəyan edilməsinə nail olmaqdır".

M. Məmmədov həmçinin qeyd edib ki, toxum standartlarına uyğun gəlməyən məhsullar artıq toxum kimi qəbul edilmir: "Aqrar Xidmətlər Agentliyinin tərkibində olan Toxum Nəzarəti üzrə Dövlət Xidməti tərəfindən çıxdaş olunurlar. Statistik olaraq ilkin ölkədə toxum istehsalının azaldığı görsənsə də, bu, toxum istehsalının azalması deyil, bu, keyfiyyətli toxumun real həcmini göstərir. Son üç ildə tətbiq etdiyimiz bu ciddi nəzarət real toxumçu fermerləri üzə çıxardı. Keçən il 10 hektar və 100 hektardan yuxarı, bu ilin payız əkinlərindən etibarən isə 5 hektardan yuxarı taxıl, yəni arpa və buğda əkənlərə mütləq şəkildə sertifikatlı toxum tələbi qoymuşuq. Bunun əsas məqsədi əlbəttə ki, ümumi ölkə üzrə məhsuldarlığın artırılmasına nail olmaqdır.

Nazir əlavə edib ki, hər il təqribən 800 min ilə 1 milyon hektar arasında taxıl əkini aparılır və bu proses 250-350 min fermeri əhatə edir: "O qədər fermerin əkdiyi məhsulların daha keyfiyyətli və daha məhsuldar olmasına nail olmağın əsas yollarından biridir. Bu, beynəlxalq təcrübədir, həm bizim qonşu qardaş Türkiyənin tətbiq etdiyi təcrübədir və digər ölkələrin aqrar sahədə nailiyyət əldə etmiş təcrübəsidir ki, Azərbaycana da gətirməyə çalışırıq".

44 filmi