Razılaşdırma sənədi qəbul edilməyən COP - qlobal güclərin məsuliyyəti

Analitika
  • 23 noyabr, 2026
  • 16:34
Razılaşdırma sənədi qəbul edilməyən COP - qlobal güclərin məsuliyyəti

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Türkiyənin Antalya şəhərində keçirilən 31-ci sessiyası (COP31) "Antalya Paktı" qəbul edilmədən başa çatıb.

Noyabrın 9-20-də baş tutan tədbirdə dünyanın 200-ə yaxın ölkəsindən dövlət və hökumət başçıları, uyğun qurumların nümayəndələri, alimlər və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər.

COP31-i özündən əvvəlki tədbirlərdən fərqləndirən cəhətləri də olub. Onun idarə edilməsi modeli əvvəlkilərdən əhəmiyyətli şəkildə seçilib. Bu sammitə tarixində ilk dəfə iki ölkə sədrlik edib. Türkiyə tərəfdən ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum ev sahibi kimi ümumi sədrliyi həyata keçirib, Avstraliyanın iqlim dəyişikliyi və enerji naziri Kris Bouen isə çıxış edənlərə söz verməklə müzakirələri idarə edib.

Tədbirə hazırlıq görüşləri oktyabr ayında Fici və Tuvaluda keçirilib. Bu görüşlərdə Sakit Okean ada ölkələrinin iqlim zəifliyinə birbaşa diqqət yetirilib. Beləliklə COP31 konfrans tarixinin ən uzun toplantısı olub.

Bu toplantıda islahatlarla bağlı uzun müzakirələr aparılıb. BMT-nin sammiti zamanı qərarlar konsensus qaydası ilə qəbul olunur. Toplantıda kəskin müzakirələr aparılması da Antalya Konfransının fərqli keçdiyinə örnək ola bilər. Murat Kurum danışıq zallarında qərar qəbul olunmayan sistem əvəzinə, birbaşa ərazidə tətbiqyönümlü yanaşmanı müdafiə etdiklərini bildirib.

COP31-də əhatəli siyasi razılaşma əldə edilməsə də, 80-dən çox ölkə Türkiyənin öncüllük etdiyi və 2035-ci ilə qədər qlobal enerji istehlakında elektrik enerjisi payını 35%-ə çatdırmağı hədəfləyən təşəbbüsə dəstək verib. Habelə, metan qazı emissiyalarının azaldılması, meşələrin qorunması və "Ədalətli keçid mexanizmi" kimi texniki mövzularla bağlı, o cümlədən uyğunlaşma və ədalətli keçid kimi sahələrdə 36 başlıqda ortaq qərar qəbul edilib.

Odur ki, toplantıda texniki səviyyədə bəzi məsələlər üzrə qərarlar qəbul olunsa da, qlobal miqyasda iqlim siyasətinə istiqamət verəcək çərçivə razılaşmasında iştirakçılar uzlaşa bilməyiblər.

Bildirilib ki, Səudiyyə Ərəbistanı və Rusiya kimi neft, təbii qaz istehsalçısı ölkələrin təzyiqi ilə yekun layihə mətnində kömür, neft və təbii qaz kimi fosil yanacaqlardan istifadənin azaldılması və ondan imtinaya dair maddə qəbul olunmayıb. Avropa İttifaqı (Aİ), Böyük Britaniya, Panama və iqlim böhranından ən çox təsirlənən Sakit okeanın ada dövlətləri başda olmaqla bir çox ölkə də bu səbəbdən yekun razılaşmadan imtina edib.

Məsələyə dair elmə əsaslanan çıxış təqvimi istəyən ölkələr arasında fikir ayrılığı da yaranıb.

Qeyd edək ki, fosil yanacaqlar böhranına neft, təbii qaz və kömür kimi bərpa olunmayan enerji mənbələri ehtiyatlarının azalması, hasilatının bahalaşması, qiymətlərin kəskin dəyişməsi və ekoloji təsirlər nəticəsində yaranan qlobal enerji, iqtisadi çətinliklər aiddir. Neft, təbii qaz, daş kömür tükənən təbii ehtiyatlardır. Onlar milyon illər ərzində yaranıb və tükənməz deyil. Bu baxımdan, bunlardan qənaətlə istifadə və ya tamamilə imtina qlobal miqyasda ekoloqların, iqlim müdafiəçilərinin gündəliyə çıxardığı başlıca mövzulardandır.

Bu sahə həm də beynəlxalq miqyasda siyasi hadisələrə də təsir göstərə bilir. Ona örnək olaraq, son illər Yaxın Şərqdə baş verən hadisələri göstərmək olar. Bir sıra güclər bu yanacaqlardan siyasətdə çəkindiricilik aləti olaraq yararlanırlar. Qlobal enerji bazarında onların qiymətinin son zamanlar bahalaşması da güclərin istifadə etdiyi həmin üsulun nəticəsidir. Bundan başqa, enerji daşıyıcılarının təhlükəsiz nəqli və daşınması da yeni təhdidləri üzə çıxarıb.

Digər tərəfdən, fosil yanacaqlardan istifadə zamanı ətraf mühitə böyük miqdarda karbon qazı (CO₂) buraxılır. Ona görə də qlobal istiləşməyə qarşı mübarizə üçün bir çox ölkə bu onlardan imtina etməyə, "yaşıl enerji"yə keçməyə çalışır. Bu isə ənənəvi enerji sektoruna qoyulan sərmayə qoyuluşunu azaldır.

Neft və qaz hasilatçılarının iqtisadiyyatının, demək olar ki, əsasını karbohidrogen daşıyıcılarından gələn gəlir təşkil etdiyindən onlar həmin yanacaqdan imtinaya qarşı çıxırlar. Hətta bu yanacağın istehlakçıları da alternativ yanacaq növü əldə edə bilmədikləri, yaxud onun əldə olunmasına vəsaitləri, elmi potensial çatmadığı üçün "yaşıl enerji"yə keçməyə qarşı çıxırlar.

Dünya ölkələri enerji təhlükəsizliyini təmin etmək üçün günəş, külək və su enerjisi kimi alternativ, bərpa olunan mənbələrə keçidi sürətləndirməyə çalışırlar. İqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələr isə bu sahə üzrə layihələri maliyyələşdirməkdə çətinliklərlə üzləşirlər. Bu baxımdan, iqtisadiyyatı əsasən neft və qaz ixracından asılı olan ölkələr yeni iqtisadi strategiyalar qururlar.

COP31-də inkişaf etməkdə olan ölkələr və Afrika qrupu, iqlim dəyişikliyinə uyğunlaşmada itki və zərərlər üçün zəngin ölkələrin öhdəlik götürdüyü maliyyələşdirmənin çox kafi, həm də müəyyən olmadığını müdafiə edərək mətnə etiraz ediblər. 2035-ci ilə qədər uyğunlaşma maliyyələşdirməsini üçqat artırma, 120 milyard dollarlıq konkret hədəf ifadələrinin son mətndə zəiflədilməsi də etiraza səbəb olub.

Antalya sammiti 2009-cu ildən sonra yekun razılaşma əldə edilmədən başa çatan konfransdır. Toplantının sədri Murat Kurum sənəd üzrə razılığın olmadığını təsdiqləyib. Bildirilib ki, razılaşdırılmayan məsələlərin Almaniyanın Bonn şəhərində keçiriləcək aralıq görüşlərdə və Efiopiyanın paytaxtı Əddis-Əbəbədə 2027-ci ildə təşkil olunacaq COP32 konfransında müzakirə edilməsi nəzərdə tutulub.

Yeri gəlmişkən, bu yekun razılaşdırma sənədi qəbul olunmayan ilk COP deyil. 2000-ci ildə Niderlandda Kioto Protokolunun icra mexanizmləri qəbul edilməyib. Onda buna səbəb olaraq ABŞ və Avropa İttifaqı arasında yaranan fikir ayrılıqları göstərilib. 2001-ci ildə Bonnda keçirilmiş əlavə sessiyada sənəd tamamlanıb.

2009-cu ildə isə Danimarkanın Kopenhagen şəhərində ölkələr arasında karbon emissiyalarının azaldılması öhdəlikləri və maliyyə yardımları üzrə konsensus əldə olunmadığından yekun razılıq sənədi imzalanmayıb.

2015-ci ildə Fransanın paytaxtı Parisdə keçirilən COP21 sammitində yekun saziş qəbul edilsə də, bir sıra mühüm texniki, maliyyə və hüquqi mexanizmlər üzrə razılıq əldə olunmayıb. Bu məsələ sonrakı sammitlərdə müzakirə üçün təxirə salınıb.

2024-cü ildə Bakıda keçirilmiş COP29-də Bakı Uyğunlaşma Yol Xəritəsi, 130-dan çox ölkənin dəstəyi ilə COP atəşkəsi və "COP29 Bakı çağırışı" kimi iqlim və sülh təşəbbüsləri irəli sürülüb. Bakı İqlim Birliyi Paktı çərçivəsində inkişaf etməkdə olan ölkələr üçün maliyyə hədəfi 2035-ci ilədək illik ən azı 300 milyard dollara (ümumi 1,3 trilyon dollarlıq hədəflə) yüksəldilib. Fondun tam fəaliyyətə başlaması təmin edilib. Ümumi vəsait 759 milyon dollara çatdırılıb. 2025-ci ildən maliyyə paylanmasına başlanılması üçün qərar qəbul olunub. Bu kimi məsələlər baxımından, COP29 uğurlu tədbir sayılır. Qeyd edək ki, tədbirin sonunda Azərbaycana təşəkkür qətnaməsi də qəbul olunub.

Müzakirələrin 44 saat uzadılmasına baxmayaraq, Antalya COP31-də yekun razılaşma sənədinin qəbul edilməməsinin məsuliyyətini sammitdə iştirak edən bir sıra ölkələr daşıyırlar. Neft-qaz hasil edən dövlətlər, xüsusən Səudiyyə Ərəbistanı, Rusiya və başqaları, habelə Aİ, Böyük Britaniya, kiçik ada dövlətləri əsas məsuliyyət daşıyan ölkələrdir. Məhz onların təzyiqləri ilə yekun layihədən "qalıq yanacaqlardan (neft, qaz, kömür) imtina" ifadəsi tamamilə çıxarılıb. Aİ nümayəndələri isə sammitin "neft dövlətləri tərəfindən girov götürüldüyünü" bildirərək iqlim böhranının əsas səbəbinin adının çəkilmədiyi bir sənədi imzalamayacaqlarını bəyan ediblər.

İnkişaf etməkdə olan və yoxsul ölkələr, xüsusilə Afrika və kiçik ada dövlətləri iqlim dəyişikliyinə uyğunlaşma üçün nəzərdə tutulan 120 milyard dollarlıq maliyyə hədəfinin yekun mətndən çıxarıldığına görə iqtisadi cəhətdən zəngin ölkələri günahlandırır. Afrikanın bəzi ölkələrinin təmsilçiləri Avropa dövlətlərini riyakarlıqda və yoxsul ölkələrə lazım olan maliyyəni bloklamaqda qınayıblar.

Bu baxımdan, Antalya COP-unda yekun sənədin qəbul edilməməsinin məsuliyyəti razılaşmaya qarşı çıxan dövlətlərdir. Çünki COP-a ev sahibliyi edən ölkə, konkret bu halda Türkiyənin məsuliyyətinə logistik-diplomatik, siyasi-diplomatik istiqamətlər aiddir. Ev sahibi bu öhdəlikləri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Katibliyi ilə imzalanan "Ev sahibi ölkə sazişi" ("Host Country Agreement") əsasında üzərinə götürür.

Ev sahibi danışıqlara rəhbərlik edir. Sazişə əsasən, BMT-nin iqlim konfranslarında qərarlar yekdilliklə (konsensusla) qəbul edildiyi üçün sədrlik edən dövlət fərqli mövqelərə malik ölkələr arasında vasitəçilik etməli, ortaq məxrəcə gəlinməsinə nail olmalıdır. Ev sahibi dövlət iqlim maliyyəsi, emissiyaların azaldılması və yaşıl enerjiyə keçid kimi prioritet mövzular üzrə təşəbbüslər irəli sürür.

Tədbir keçirilən ölkə məkan və texniki avadanlıq, yaşayış və nəqliyyat, viza və sərhəd prosedurları, təhlükəsizlik və hüquqi immunitet təşkil və təmin edir.

Odur ki, bu vəziyyət dünya dövlətlərinin ətraf mühitin qorunmasına hazır olmadığını göstərir. Bundan başqa, humanitar sahələrdə boşluqların aradan qaldırılmasında problemlərin olduğunu bir daha təsdiqləyir. Yoxsul və iqtisadi cəhətdən inkişaf etməkdə olan ölkələrin neft və qazdan istifadədən imtinaya uyğunlaşmaq üçün maliyyə yardımlarının, yaxud bu istiqamətdə gecikmələr, öhdəliklərə əməl edilməməsinin də problem olaraq qaldığı bir daha məlum oldu. Bu toplantı həm də dünyanın qaynar bölgələrinin qlobal miqyasda iqlim dəyişikliklərinə, ətraf mühitə, habelə sosial-siyasi hadisələrə təsir göstərdiyi, bir sıra hallarda onları idarə etdiyinin də aktuallığını yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

COP31-də razılaşma sənədinin qəbul edilməməsi BMT-nin bu təşəbbüsü ilə bağlı başqa bir təhlükənin yaranacağını da istisna etmir. ABŞ kimi dövlətin bu sammitlərə qoşulmaması COP-un ideya olaraq sıradan çıxacağı ehtimalını da irəli sürməyə imkan verir. Qlobal miqyasda iqlim, ətraf mühit və onun yaratdığı, yaradacağı fəsadlar müzakirə olunmazsa, bu kimi problemlərə qarşı tədbirlər görülməzsə, o zaman sual yaranır: Atmosferdəki, ətraf mühitdəki problemlər harada müzakirə olunacaq? Onlar hansı imkanlar hesabına aradan qaldırılacaq? Yer kürəsi, buranın sakinləri aparıcı güclər üçün bu dərəcədə önəmsizdir?!

44 filmi