Göy məscid: Azərbaycan türklərinin Ermənistanda varlığının qalası

Analitika
  • 12 noyabr, 2026
  • 15:49
Göy məscid: Azərbaycan türklərinin Ermənistanda varlığının qalası

Tehran və İrəvan Azərbaycan mədəniyyətinə qarşı birgə vandal fəaliyyəti davam etdirir. Noyabrın 9-da İrəvandakı Göy məscidin əsas mərasim (iclas) zalına rəsmi olaraq erməni şair Yeqişe Çarentsin adı verilib və büstünün qoyulması da nəzrədə tutulub. Təntənəli açılış mərasimində İran İslam Respublikasının Ermənistanda işgüzar səfərdə olan vitse-prezidenti Həmid Purməhəmmədi də iştirak edib.

İran rəsmisi və Tehranın İrəvandakı səfirliyi Yeqişe Çarentsi "fars mədəniyyəti və ədəbiyyatının dostu" adlandırıb. Təhrifçilər öz hərəkətlərini cəfəng iddialarla əsaslandırmağa çalışıblar. Onlar Yeqişenin "İran irsinə dərin marağını və Göy məscidlə bağlılığını" qeyd edərək gülünc şəkildə vurğulayıblar ki, guya sovet dövründə məscidin həyətindəki çayxanaya gedərmiş.

Bu tədbirdə Tehran hakimiyyəti panfarsçı ideoloji iddiasını da gizlətməyib. Tədbirdə Firdövsinin "Şahnamə"sinin erməni dilində tərcüməsi də təqdim edilib.

Göründüyü kimi, məsələyə "burada nə var ki?!" deyib keçmək olmur.

Əvvəla, tədbirin tarixinə diqqət edək; noyabrın 8-də Azərbaycanda Zəfər Günü qeyd edilir. Ermənistanla İran hakimiyyəti həmin gün səhər bu "mədəni" tədbiri keçirməklə Azərbaycana qarşı birgə antitürk iddialarını gizlətməyib, Zəfərə öz təbirlərincə kölgə salmağa çalışıblar. Yaxud "Göy məscid əlimizdədir, istədiymizi edirk" ismarışını veriblər.

Onların belə birgə fəaliyyəti yada ən yaxın tarixi hadisələri salır. Azərbaycan torpaqları Ermənistanın işğalı altında olanda İslam Respublikasından olan 80-ə yaxın şirkət qanunsuz olaraq Qarabağdakı qondarma terrorçu rejimlə birgə fəaliyyət göstərmişdi. Məlumatlara əsasən, İranın həmin şirkətləri yerli sakinlərin-Azərbaycan türklərinin işğal altında olan torpaqlardakı evlərini, inzibati binaları və s. söküb ölkələrinə daşıyıblar.

Ermənistanda qeydiyyatdan keçən və işğal dövründə Qarabağa sərmayə yatıran İran şirkətlərinin siyahısı da yayılıb: "Mona Qrup" (Rəhmani, Rəşidi, Azərban Həddad), "Kankar"(Seyid Nur Eyni), "Şərifli" (Rza Şərifi), "Süleymani" (İzzət Süleymanpur), "Arya Filiz Nab" (Rəsul Ənzari), Araz Mühacir Ticarət" (Kazım Səfərzadə), "Aftab" (Əzimi Əhmədpur), "Arazfud" (Cavad və Məhəmməd Bimeqdar), "Nüsrəti" (Rza Nüsrəti), "Pəyan-e Saderat" (Davud Cokar) və başqaları.

Bu siyahını elə İranın "İran Mellat Bankı"nın İrəvandakı filialının şöbə müdiri olmuş Ermənistan vətəndaşı Hraçya Ovanisyan yaymışdı.

Sonrakı illərdə İslam Respublikası-işğalçı Ermənistan cütlüyü torpaqlarının işğal altında qalmasını uzatmaq üçün Azərbaycana qarşı təbliğat aparıb, dezinformasiya ilə birlikdə məşğul olublar. Başqa sözlə, Tehranla İrəvan antitürk, anti-Azərbaycan fəaliyyətlərini bir qayda olaraq uzlaşdırıblar. Azərbaycan ərazisində hansısa xarici ölkənin "hərbi bazasının yerləşdiyi", torpaqların işğaldan azad edilməsində "xarici muzdluların iştirakı", Zəngəzur yolu layihəsinə qarayaxma (guya bu Ermənistanın ərazi bütövlüyünün pozulmasına səbəb olacaq) və başqalarını örnək olaraq göstərmək olar...

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Göy məscidlə bağlı baş verən hadisə barədə açıqlama yayıb. Qurum bunu abidənin tarixi kimliyini təhrif etmək cəhdi, Bakı ilə İrəvan arasındakı sülh səylərinə qarşı təxribat kimi qiymətləndirib.

Qeyd olunub ki, Göy məscidin mərasim zalında büstün qoyulması təşəbbüsü Ermənistan tərəfinin, xüsusilə də bu ölkənin siyasi rəhbərliyinin tarixi abidənin ilkin təyinatına və mənsubiyyətinə obyektiv, qərəzsiz münasibəti ilə bağlı ciddi suallar yaradır: "Tarixi abidələrin qorunması onların yalnız fiziki mövcudluğunun təmin edilməsini deyil, həm də mənsubiyyətinə, ilkin təyinatına və mədəni kimliyinə hörmətlə yanaşılmasını tələb edir".

Komitə onu da vurğulayıb ki, mədəni irsin qorunması beynəlxalq hüququn mühüm prinsiplərindəndir. Bildirilib ki, UNESCO-nun "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" 1954-cü il tarixli Haaqa Konvensiyası mədəni sərvətlərin silahlı münaqişə zamanı qorunmasını, onlara qarşı düşmənçilik hərəkətlərinin, talan və mənimsəmə hallarının qarşısının alınmasını nəzərdə tutur: "UNESCO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" 1972-ci il tarixli Konvensiyası isə dövlətlərin öz ərazilərində yerləşən mədəni irsin müəyyənləşdirilməsi, mühafizəsi, qorunması və gələcək nəsillərə ötürülməsi üzrə məsuliyyətini təsbit edir".

Qurum Ermənistanı və İranı tarixi faktlara hörmətlə yanaşmağa, dini və mədəniyyət abidələrindən siyasi-ideoloji məqsədlər üçün istifadə etməməyə çağırıb.

Qafqaz Müsəlmanları İdarəsi də Göy məscidlə bağlı təhrifə münasibət bildirərək müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsini ciddi şəkildə qınayıb, etiraz edib: "Dağıdılan, yandırılan, İslamda haram buyurulan heyvanların saxlanılması ilə həqarət edilən dini ibadətgahlarımızın, o cümlədən Şuşadakı tarixi məscidlərimizin ardınca bu gün İrəvan Göy məscidinin zalına erməni şairin adının verilməsi, müsəlman ibadət məkanında gələcəkdə həmin erməniyə büstün quraşdırılmasının nəzərdə tutulması, ümumən, küfrdən başqa bir şey deyildir".

Qeyd edilib ki, bu hal Azərbaycan dini-mənəvi irsinə qarşı qeyri-etik, təhrifedici münasibətin göstəricisi, aşkar vandalizm təzahürü və təxribatdır.

Tehran və İrəvan Göy məscidi İran mədəniyyət mərkəzinin ofisi edib. Onu "fars mədəniyyətinin nümunəsi" kimi təqdim etməyə səy göstərir. Bu günlərdə İslam Respublikasının İrəvandakı səfirliyi məscidin Əfşarların hakimiyyəti dövründə tikildiyini bildirməklə dini-mədəni abidəni farslaşdırmağa yersiz səy göstərib. Halbuki Göy məscid 1765–1766-cı illərdə İrəvan xanı Hüseynəli xan tərəfindən inşa etdirilib.

Sonrakı illərdə məsciddə təmir-bərpa işləri görülərkən binanın üzərində fars memarlıq elementlərindən istifadə edilib. Yeri gəlmişkən, 2019-cu ildə Şuşadakı Yuxarı Gövhər Ağa məscidində təmir adı altında aparılan işlərə İran İslam Respublikasında fəaliyyət göstərən şirkət cəlb edilmişdi. Tehran "ustaları" orada sözügedən tikilini, eləcə də Ağdam Cümə məscidini "fars məscidləri" kimi təqdim ediblər.

Acınacaqlı hal odur ki, Azərbaycan torpaqları işğal altında olanda Tehranın "fars məscidi" adlandırdığı Ağdamın Cümə məscidinə heyvan bağlanmışdı. Onda İslam Respublikasının heç bir nümayəndəsi bu vandallığa münasibət bildirməmişdi.

İndiki halda da İran vitse-prezidentinin bu tədbirdə iştirakı Tehran hakimiyyətinin Azərbaycan mədəniyyətinə, türk etnosuna hörmətsizliyidir.

Erməni şair Yeqişe Çarents (Yeğişe Abqaroviç Soğomonyan) 1897-ci ilin martında Osmanlının Qars şəhərində Güney Azərbaycanın Maku şəhərindən köçmüş erməni ailəsində anadan olub. Yaradıcılığı əsasən türklərə qarşı təbliğat olub. Onun "Nairi ölkəsi" adlı satirik romanını Osmanlı dövlətinə həsr etdiyi istisna edilmir. Yeqişe də ermənilik ideologiyasının banislərindən biri Qaregin Njde kimi sonradan bolşeviklərlə əlaqə qurub. Ancaq faşist düşüncəsinə görə həbs olunmuşdu. O, türk düşməni olub, Osmanlıya qarşı çıxışlar edib.

Ermənistan hakimiyyətinin bu addımı Hitlerçi faşistlərin əlaltısı olmuş Qaregin Nijdeyə İrəvanda heykəl qoyulmasını da xatırladır.

Panfarsizmin əsas hədəfi türklərdir. Onlar bir vaxtlar "Türklərsiz İran!" şüarını irəli sürürdü. Panfarsçlıq hakim siyasi-ideologiya olandan sonra ölkə İran adlanmağa başladı. Bu düşüncə sisteminə rəhbərlik edən Rza Şah türklərə qarşı assimilyasiya siyasətini həyata keçirməyə başladı. Türkcə danışmaq yasaqlandı, yer adları farslaşdırıldı, tarixi abidələr ya dağıdıldı, ya da farslaşdırıldı. Bir sözlə, panfarsçı faşist düşüncəsi ilə Azərbaycan türklərinin mədəniyyəti terrora məruz qaldı. Bu proses günümüzə qədər indiki teoloji, dini sayılan rejim tərəfindən də yürüdülməkdədir.

Ermənistanda da İrandakı hadisələr baş verib, oradakı türklərə məxsus yer adları isə erməniləşdirilib. Azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb. Hazırda ölkə ərazisində azərbaycanlı yoxdur. Sonuncu dəfə 1988-1992-ci ildə 300 minə yaxın azərbaycanlı Ermənistandan qovulub. Onların hüququ hələ də bərpa olunmayıb. Rəsmi İrəvan 38 il öncə onların Ermənistandan deportasiya edildiyini yada salmaq belə istəmir.

Bu baxımdan, İrəvan və Tehran bir-birinə taydır. Özünü dünya müsəlmanlarının təəssübkeşi adlandıran İran hakimiyyəti İrəvanda tarixi Təpəbaşı məscidindən xəbərsizdir? Bu tarixi-dini abidə 1687-ci ildə tikilib. O, İrəvanın Təpəbaşı məhəlləsində (indi ermənilər ora "Kond rayonu" deyir) yerləşir.

Tehranın Ermənistandakı səfirliyinə daha bir koordinat vermək istərdik. Bu tarixi məhəllə İrəvanda indiki Şota Rusteveli küçəsinin kəsişməsindədir. Həmin məscidi ermənilər kafe edib. Yəni orada spirtli içkilər içilir və s. Bu Qarabağda məsciddə donuz otarılması və inək bağlanması ilə eynidir.

İrəvandakı məscidi farslaşdırmaq istəyənlər o qədər kütdür ki, onun adına diqqət etməyi belə unudublar: Göy və Təpəbaşı məscidləri.

Məscidin hücrələrindən birinə Yeqeşenin adının verilməsində iştirak etmiş vitse-prezident Həmid Purməhəmmədi təsəvvür etsin ki, Tehranda İran İslam Respublikasının ilk ali rəhbəri ayətullah Seyid Ruhullah Mustafavi Musəvi Xomeyninin adına olan məsciddə oxşar hadisə baş verir. 1934-cü ildə İranda anadan olmuş, oradan İsrailə miqrasiya etmiş, yəhudi mütəfəkkir, tarixçi, ədəbiyyatçı, ədib, İran yəhudilərinin tarixi və mədəniyyəti üzrə əsas mütəxəssis Аmnon Netser adının Xomeyni məscidinin zallarından birinə verilməsi necə olardı? Amnon Netser də İranı vətən olaraq sevib, ona bağlı olub, Tehranda yəhudi ziyalılarla saysız dəfə çay içib və s.

Baş verənlərə əsasən, iddia etmək olar ki, Tehran hakimiyyəti üçün dini amil deyil, onun və İrəvanın türklərə qarşı hikkələrini yeritmək başlıca prinsipdir.

Nikol Paşinyan hökumətinin Tehran hakimiyyəti ilə əl-ələ verərək belə yersiz addımı Azərbaycanla sülhə, münasibətlərin normallaşdırılmasına, əməkdaşlığa zərbədir. Belə ehtimal etmək olar ki, İrəvan ermənilik ideyasından, türklərə qarşı təbliğatdan, onların izinin hər yerdən silinməsindən əl çəkməyib.

Göy məscid indiki şəraitdə adi ibadət yeri deyil. O, var olduqca ermənilər özlərini Ermənistanın tam sahibi kimi apar bilmirlər. Fars şovinistlərinin isə həmin abidələri farslaşdırmaq cəhdləri boşa çıxır. Çünki Göy məscid azərbaycanlıların o yerlərə sahib olduqlarının simvolu, qalasıdır. Azərbaycan türklərinin vaxtilə indiki Ermənistanda yaşadıqlarının, yaratdıqlarının simgəsi, bayrağıdır!

44 filmi