Vanessa Velasko: Boqotanın 80 rayonunda ictimai məkanların bərpası üzrə layihələr həyata keçiriləcək

Xarici siyasət
  • 19 may, 2026
  • 15:51
Vanessa Velasko: Boqotanın 80 rayonunda ictimai məkanların bərpası üzrə layihələr həyata keçiriləcək

Boqota (Kolumbiya) rəhbərliyi şəhərin 80-dən çox rayonunda ictimai məkanların bərpası üzrə layihələri həyata keçirmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə Boqota meriyasının mənzil məsələləri üzrə katibi Vanessa Velasko Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasıda (WUF13) panel müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, Boqotada artıq iqlim fəaliyyəti planı ilə birləşdirilmiş torpaqdan istifadə üzrə baş plan mövcuddur: "Bununla yanaşı, qeyri-rəsmi yaşayış məskənləri əsas çağırışlardan biri olaraq qalır. Biz bu prosesləri birləşdirmək üçün təbii fəlakət risklərinin təhlili sahəsində artıq böyük işlər görmüşük".

V.Velasko vurğulayıb ki, növbəti vacib mərhələ planlaşdırmadan investisiyalara keçiddir.

Onun sözlərinə görə, şəhər rayonlarının yaxşılaşdırılması strategiyası dayanıqlı infrastruktura yatırılan investisiyalar hesabına həyata keçirilir: "Hazırda biz ictimai məkanların bərpası, ictimai zonalarda elektrik infrastrukturunun modernləşdirilməsi, eləcə də abadlıq işləri zamanı təkrar emal edilmiş materiallardan istifadə üzrə layihələrin həyata keçirildiyi 80-dən çox rayonda fəaliyyət göstəririk".

V.Velaskonun sözlərinə görə, şəhərin mərkəzi və tarixi rayonlarında tikinti və təbii ərazilərin qorunması layihələrinin həyata keçirilməsi əsas çağırışlardan biri olaraq qalır. Eyni zamanda o etiraf edib ki, bu cür layihələrin həyata keçirilməsi xeyli vaxt aparır.