Ukraynada şəhərlərin bərpası UN-Habitat metodologiyası əsasında həyata keçirilir
- 20 may, 2026
- 10:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukraynada şəhərlərin bərpasının planlaşdırılması üçün UN-Habitat metodologiyasından istifadə olunur
Ukraynanın bərpasını dəstəkləmək üçün şəhər infrastrukturu haqqında məlumatların hərtərəfli toplanması və təhlilinə əsaslanan UN-Habitat şəhər profilləşdirmə metodologiyası tətbiq edilir.
"Report" xəbər verir ki, bu barədə Ukrayna ictimai təşkilatı "Urban Reform"un təsisçisi Aleksandra Narıjna Bakıda keçirilən WUF13 çərçivəsində panel müzakirəsi zamanı bəyan edib.
Onun sözlərinə görə, metodologiya şəhər infrastrukturunun cari vəziyyətini qiymətləndirməyə, ehtiyacları aşkar etməyə və bərpanın prioritet istiqamətlərini müəyyənləşdirməyə imkan verir.
A.Narıjna vurğulayıb ki, əvvəllər bu cür məlumatlar çox vaxt yalnız bərpa strategiyalarının və şəhərsalma sənədlərinin statik bir hissəsinə çevrilirdi: "Lakin böhrana reaksiya daha çevik yanaşma tələb edir. Buna görə də biz bu məlumatları dinamik bir alətə çevirmək üçün üsul axtarmağa başladıq. Nəticədə, dövlət tərəfdaşları üçün məlumatların vizuallaşdırılması və idarə edilməsi məqsədilə nəzərdə tutulmuş "Urban Recovery Planning System" platforması yaradıldı".
"Urban Reform" təsisçisinin sözlərinə görə, sistem hakimiyyət orqanlarına toplanmış məlumatları bərpanın gələcək planlaşdırılmasında təkrar istifadə etməyə, yeniləməyə və tətbiq etməyə imkan verir.