Səfir: Azərbaycan Türkmənistanın "Beynəlxalq Hüquq İli"nə dair təşəbbüsünü dəstəkləyib
- 06 avqust, 2026
- 16:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan 2028-ci ilin "Beynəlxalq Hüquq İli" elan edilməsi ilə bağlı Türkmənistanın təşəbbüsünün həmmüəllifi olan 78 ölkə sırasına daxil olub.
"Report" xəbər verir ki, bunu Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov BMT Baş Assambleyası tərəfindən Türkmənistanın təşəbbüsü ilə irəli sürülmüş "2028-ci il - Beynəlxalq Hüquq İli" qətnaməsinin qəbul edilməsi ilə əlaqədar səfirlik tərəfindən təşkil olunmuş tədbirdə deyib.
"Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun 2028-ci ili "Beynəlxalq Hüquq İli" elan etmək təşəbbüsü xüsusi aktuallığa və strateji əhəmiyyətə malikdir. Qardaş Azərbaycan da daxil olmaqla, 78 ölkə bu təşəbbüsün həmmüəllifi qismində çıxış edib", - diplomat bildirib.
Onun sözlərinə görə, təşəbbüs hüquq normalarına və mexanizmlərinə etimadın möhkəmləndirilməsinə töhfə verəcək beynəlxalq gündəliyin formalaşdırılmasına yönəlib:
"Ümid edirəm ki, birgə təşəbbüslər sayəsində beynəlxalq hüquq dünyada və regionumuzda sülhün, mehriban qonşuluğun və qarşılıqlı faydalı əməkdaşlığın təmin edilməsinin yenidən əsasına çevriləcək".