Say Sam Al: Kamboca yaxın zamanda qeyri-rəsmi yaşayış məskənləri problemini həll etməyə ümid edir

Xarici siyasət
  • 17 may, 2026
  • 15:30
Say Sam Al: Kamboca yaxın zamanda qeyri-rəsmi yaşayış məskənləri problemini həll etməyə ümid edir

Kamboca ölkədə qeyri-rəsmi yaşayış məskənləri problemini yaxın zamanda tam həll etməyi planlaşdırır.

"Report"un məlumatına görə, bunu Kambocanın baş nazirinin müavini - torpaq quruluşu, şəhərsalma və tikinti naziri Say Sam Al Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində panel sessiyası zamanı bildirib.

Onun sözlərinə görə, Kambocada şəhərlərin inkişafının əsas amilləri yolların tikintisi, təmiz suya və elektrik enerjisinə çıxışın təmin edilməsi olub.

"Bəzi ölkələr üçün bu o qədər də vacib olmaya bilər, lakin bizim üçün məhz bu, şəhərlərin inkişafının əsasına çevrilib", - o qeyd edib.

Nazir əlavə edib ki, son 20 ildəki sülh, sabitlik və davamlı iqtisadi artım Kamboca tarixində əsas mərhələlər olub və bu da ölkə əhalisinin əhəmiyyətli hissəsinin orta sinfə keçməsinə imkan verib.

S.Alın sözlərinə görə, son on il ərzində hakimiyyət yüz minlərlə vətəndaşa kənd təsərrüfatı torpaqları və yaşayış yeri verib. Nəticədə əvvəllər yoxsulluq həddinin altında yaşayan 500 minə yaxın ailə orta sinfə keçə bilib.

O həmçinin bildirib ki, hökumət iş yerləri, kreditlər üzrə güzəştli faiz dərəcələri, yeni yaşayış yerləri və s. təklif etməklə qeyri-rəsmi yaşayış məskənlərinin sakinlərinə dəstək göstərir: "Ümid edirəm ki, mənim nazir olaraq fəaliyyət göstərdiyim müddətdə Kambocada qeyri-rəsmi yaşayış məskənləri problemini tamamilə həll edə biləcəyik".

44 filmi