Qambiyalı nazir: Mülkiyyət hüquqlarının qeydiyyatı prosedurlarını sadələşdirən siyasət aparırıq
- 21 may, 2026
- 16:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Qambiya hökuməti torpaq sisteminin rəqəmsallaşdırılmasını, elektron reyestrlərin tətbiqini və mülkiyyət hüquqlarının qeydiyyatı prosedurlarının sadələşdirilməsini nəzərdə tutan - 2035-ci ilə qədər yeni Milli Torpaq Siyasətini həyata keçirir.
"Report" xəbər verir ki, bu barədə Qambiyanın torpaq resursları və regional idarəetmə naziri Hamat Bax Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) bildirib.
Onun sözlərinə görə, islahatlar torpaq resurslarının idarə edilməsi sistemində şəffaflığın artırılmasına, münaqişələrin sayının azaldılmasına və investorlar üçün daha əlverişli şəraitin yaradılmasına yönəlib: "Şəffaflıq, qanuniləşdirmə və ədalətli çıxış imkanı hesabına biz mübahisələrin sayını azaldır və investisiya layihələrinin icrasını sürətləndiririk".
H.Bax qeyd edib ki, yeni siyasət həmçinin torpaq mülkiyyətinin müxtəlif formalarının tanınmasını, vahid rəqəmsal torpaq informasiya sisteminin yaradılmasını, dələduzluq və spekulyasiyalarla mübarizəni nəzərdə tutur.
Onun sözlərinə görə, qadınlar, gənclər və əlilliyi olan şəxslər üçün torpağa bərabər çıxış imkanının təmin edilməsinə, habelə qadınların əmlak hüquqlarının qorunmasına xüsusi diqqət yetirilir.
Nazir vurğulayıb ki, əhalinin sürətli artımı və yüksək sıxlığı fonunda torpaq islahatı Qambiya üçün xüsusilə vacibdir.
H.Baxın sözlərinə görə, islahatlar torpaq resurslarının idarə edilməsi sisteminin rəqəmsallaşdırılmasında və s. ölkəyə kömək edən Dünya Bankının dəstəyi ilə həyata keçirilir.