Nikolya Boke: Paris regionunda iqlimə uyğun planlaşdırma fəal şəkildə tətbiq olunur
- 19 may, 2026
- 14:53
Yeniliklərdən dərhal xəbərdar olun!
İl-de-Frans regionunda (Böyük Paris) iqlim yönümlü şəhər planlaşdırmasının tətbiqi sayəsində torpaqlardan səmərəli istifadəni təmin etmək artıq mümkün olub.
"Report"un məlumatına görə, bunu Paris Regionu İnstitutunun direktoru Nikolya Boke (Nicolas Bauquet) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Şəhər liderlərinin səsləri: iqlim yönümlü planlaşdırma fəaliyyətdə" adlı panel müzakirəsi zamanı bəyan edib.
"Yanvar ayında biz Paris regionunda təbii, kənd təsərrüfatı və meşə sahələrinin "istehlakının" 2012-2021-ci illərlə müqayisədə 2021-2025-ci illərdə illik hesablamada 28 % aşağı olduğunu göstərən məlumatlar əldə etdik. Yəni biz artıq qarşıya qoyulmuş hədəflərə nail oluruq", - o qeyd edib.
Onun sözlərinə görə, nəticələrə nail olmaq üçün düzgün miqyasda işləmək və şəhərin inkişafını onun ətrafında baş verən proseslərlə əlaqələndirmək lazımdır.
Direktor bəyan edib ki, şəhər həm daxilində, həm də ətrafında baş verənlərə görə ikiqat məsuliyyət daşıyır.
Boke vurğulayıb ki, Paris regionunda regional planlaşdırmadan şəhər və bioiqlim baş planına qədər bütün səviyyələrdə və miqyaslarda iqlim tədbirlərini inteqrasiya edən planlaşdırma sistemi mövcuddur.
"Bütün bu səviyyələr məkan strategiyası, yerli səviyyədə tikintiyə icazənin verilməsi və ya imtina edilməsi kimi iqlim tədbirlərini əhatə edir", - o qeyd edib.
Bokenin sözlərinə görə, ikinci mühüm aspekt aydın hədəfin vacibliyidir: "Regional səviyyədə strateji planlaşdırmanın əsas hədəfi sıfır səviyyədə xalis torpaq istehlakına nail olmaqdır".
O qeyd edib ki, torpaq həm karbon emissiyalarının azaldılmasında, həm də ekosistem funksiyalarının qorunmasında mühüm rol oynayır.
Direktor əlavə edib ki, tikinti ekosistemlərin hava temperaturunu azaltmaq və yağış suyunu udmaq qabiliyyətini zəiflədir.
"Buna görə də məhz bu, baş planımızda əsas hədəfimizdir", - Boke deyib.
O əlavə edib ki, torpaqlardan rasional istifadə şəhərlərin inkişafına töhfə verir.