Nazir müavini: Liberiyada mənzil siyasəti iqtisadi imkanların genişləndirilməsi mexanizmidir

Xarici siyasət
  • 21 may, 2026
  • 16:34
Nazir müavini: Liberiyada mənzil siyasəti iqtisadi imkanların genişləndirilməsi mexanizmidir

Liberiya mənzil siyasətinə təkcə mənzil tikintisi aləti kimi yox, həm də qadınlar və gənclər üçün iqtisadi imkanların genişləndirilməsi mexanizmi kimi baxır.

"Report" xəbər verir ki, bu barədə Liberiyanın Yerli Özünüidarəetmə Nazirliyinin şəhər məsələləri üzrə nazir müavini Fatima Bintu Sirlif Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində baş tutan "Afrikada əlçatan mənzil təşəbbüsü çərçivəsində "Deal Room" investorlarının sessiyası" tədbiri zamanı bildirib.

Onun sözlərinə görə, ölkə hakimiyyəti qadınları və gəncləri təkcə əlçatan mənzil alıcıları deyil, həm də mənzil sektorunun fəal iştirakçıları - investorlar, sahibkarlar və s. etməyə çalışır.

"Qadınlar təkcə mənzil alıcıları kimi deyil, həm də developerlər və investorlar kimi nəzərdən keçirilir. Bu, gender bərabərliyinə kömək edir və qadınların iqtisadi fəaliyyətdə iştirakını genişləndirir", - F.Sirlif qeyd edib.

Nazir müavini əlavə edib ki, əlçatan mənzillərin inkişafı vergi daxilolmalarının artmasına, infrastrukturun maliyyələşdirilməsinə və yerli icmaların dayanıqlığının möhkəmlənməsinə kömək edir.