Muxtar Babayev: Şəhərlər dünya istixana qazı emissiyalarının 70 %-dən çoxunu yaradır

Xarici siyasət
  • 22 may, 2026
  • 13:30
Muxtar Babayev: Şəhərlər dünya istixana qazı emissiyalarının 70 %-dən çoxunu yaradır

Dünya istixana qazı emissiyalarının 70 %-dən çoxunu müasir şəhərlər yaradır və eyni zamanda bütün dünya enerjisinin təxminən 75 %-ni istehlak edir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev Bakıda WUF13-də bildirib.

Onun sözlərinə görə, hazırda planet əhalisinin 55 %-dən çoxu şəhərlərdə yaşayır və 2050-ci ilə qədər bu göstəricinin 70 %-ə yaxınlaşacağı gözlənilir. Eyni zamanda, 2040-cı ilə qədər 1,4 milyarddan çox insan yüksək iqlim risklərinə məruz qalan alçaq sahilyanı şəhərlərdə qala bilər.

M. Babayev Un-Habitat-ın məlumatlarını diqqətə çatdırıb ki, onlara əsasən, dünyada şəhər ərazilərində yaşıllıqların payı 1990-cı ildəki təxminən 20 %-dən 2020-ci ildə 14 %-dən az bir səviyyəyə qədər azalıb. Bundan əlavə, havanın çirklənməsi hər il qlobal səviyyədə təxminən 7 milyon erkən ölümə səbəb olur və səhiyyə xərcləri, eləcə də məhsuldarlığın aşağı düşməsi səbəbindən trilyonlarla iqtisadi itkilərlə nəticələnir.

"Son enerji istehlakının 30 %-i və tullantıların demək olar ki, 25 %-i binaların payına düşür, otaqların soyudulması isə tikililərdə istifadə olunan elektrik enerjisinin ümumi həcminin təxminən 20 %-ni təşkil edir", - o bildirib.

O, həmçinin əlavə edib ki, mövcud tendensiyalar davam edərsə, 2030-cu ilə qədər planetdə demək olar ki, 3 milyard insan adekvat mənzilə çıxış imkanından məhrum ola bilər.

44 filmi