Modupe Uilyams: Fritaun sıxlığı azaltmaq üçün "15 dəqiqəlik şəhərlər" konsepsiyasını hazırlayır
- 19 may, 2026
- 15:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Syerra-Leonenin paytaxtı Fritaunun rəhbərliyi ərazilərin inkişafına nəzarət üzrə daha səmərəli sistemə keçmək niyyətindədir.
"Report" xəbər verir ki, bunu Fritaun Şəhər Şurasının bələdiyyə eksperti Modupe Uilyams Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhər liderlərinin səsləri: iqlimyönümlü planlaşdırma fəaliyyətdə" panel müzakirəsi zamanı bildirib.
"Biz hazırkı torpaqdan istifadə modelindən daha keyfiyyətli tikintiyə nail olmağa imkan verəcək bir sistemə keçməliyik", - o qeyd edib.
M.Uilyams vurğulayıb ki, Fritaun şəhər məkanı kimi həddindən artıq yüklənib:
"Ehtimal ki, ərazinin 80-90 %-i artıq tikililərlə əhatə olunub. Bununla yanaşı, binaların əksəriyyəti birmərtəbəlidir və bir çox hallarda söhbət qeyri-rəsmi yaşayış məskənlərindən gedir".
Onun sözlərinə görə, problemlər kompleks xarakter daşıyır: "Şəhərdə yalnız baş plan deyil, həm də hər birinin "15 dəqiqəlik şəhər" kimi fəaliyyət göstərməli olduğu çoxmərkəzli konsepsiya hazırlanır".
Ekspert həmçinin bütün maraqlı tərəflərin - dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və digər institutların cəlb edilməsinin zəruriliyinə də diqqət çəkib:
"Bütün bu proseslər ümidverici görünür, çünki bizim artıq həm planımız, həm də qanunvericilik bazamız var. Lakin şəhər üçün növbəti mərhələ siyasi iradənin və bu dəyişiklikləri ardıcıl olaraq həyata keçirmək bacarığının olması olacaq".