Mixail Qusman: Heydər Əliyevin irsini gələcək nəsillər uzun illər öyrənəcək

Xarici siyasət
  • 30 iyun, 2026
  • 17:02
Mixail Qusman: Heydər Əliyevin irsini gələcək nəsillər uzun illər öyrənəcək

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev dünya miqyasında tanınan siyasi xadim idi və onun irsi gələcək nəsillər tərəfindən də öyrəniləcək.

"Report" xəbər verir ki, bu barədə rusiyalı jurnalist Mixail Qusman "Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri. 1-ci kitab"ın təqdimatında bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev xüsusi siyasi istedadı və təfəkkürü ilə seçilirdi:

"Mən onu Moskvada keçirdiyi mətbuat konfransından xatırlayıram. Həmin görüşü hələ də xatırlayan jurnalistlərlə də görüşmüşəm. O, dünya miqyasında tanınan bir şəxsiyyət idi. Onun siyasi istedadının gücü və şəxsiyyətinin miqyası əsrlər boyu qalacaq. Heydər Əliyevi getdikcə daha çox öyrənəcəklər - dünya liderlərinin taleyi belədir. Dünya tarixində onun səviyyəsində şəxsiyyətlər çox deyil".

Jurnalist qeyd edib ki, Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər dövründə onun bioqrafiyasını və dövlət fəaliyyətini daha dərindən öyrənməyə müvəffəq olub:

"Mənə elə gəlirdi ki, onun haqqında çox şey bilirəm. Amma onun irsini daha dərindən öyrəndikcə başa düşdüm ki, bu insanın cəsarəti və mətanəti haqqında faktiki olaraq heç nə bilməmişəm".

Qusman xatırladıb ki, 1987-ci ildə Heydər Əliyev ağır infarkt keçirib və həkimlər bunu onun həyatı üçün son dərəcə təhlükəli qiymətləndirmişdilər. Buna baxmayaraq, o aktiv dövlət fəaliyyətini davam etdirərək ciddi risklərlə müşayiət olunan məsuliyyəti üzərinə götürdü:

"Onun qarşısında böyük bir missiya dururdu - ən ağır məqamda ölkəyə qayıtmaq və onu xilas etmək. O başa düşürdü ki, hər gün işə çıxmaqla, insanlarla görüşməklə, qərarlar qəbul etməklə sözün əsl mənasında həyatını riskə atır. Və bunu şüurlu şəkildə edirdi".

Daha sonra o qeyd edib ki, Heydər Əliyev kimi siyasətçilərin tarixi rolu zaman keçdikcə daha da əhəmiyyətli olur. Qusman, həmçinin əlavə edib ki, adının Heydər Əliyev tərəfindən xatırlanması faktını özü üçün böyük şərəf hesab edir.